Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin aclıq aksiyasını dayandırdığı bildirilir.
Bu barədə AzadlıqRadiosuna oktyabrın 11-də fəalın yaxınları məlumat verib.
Onların sözlərinə görə, Hacıyev aclığı yaxınlarının və dostlarının xahişini nəzərə alaraq dayandırıb:
"Aclıq onun səhhəti üçün ciddi fəsadlar yarada bilərdi deyə o, aksiyanı dayandırıb".
Bu məlumatı, hələlik, rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.
Bəxtiyar Hacıyevin vəkilləri onun oktyabrın 2-də həbs qətimkan tədbirinin uzadılmasına etiraz olaraq aclıq aksiyasına başladığını açıqlamışdılar.
O, bundan əvvəl də həbsinə etiraz olaraq iki dəfə aclıq aksiyası keçirdiyini bildirib. Onun hətta ikinci aksiyasının təqribən 50 gün çəkdiyi bildirilmişdi.
Buna da bax: BMT AzadlıqRadiosu müxbirinin məhbus edilməsini qanunsuz sayırXatırlatma
Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.
Bu il iyunun 16-da istintaq orqanı ona qarşı Cinayət Məcəlləsinin 192 (Qanunsuz sahibkarlıq), 193 (Yalançı sahibkarlıq), 320.1 (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1 (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb.
Məhkəmə B.Hacıyev barəsində müxtəlif vaxtlarda həbs-qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib. Bəzi hüquq müdafiəçiləri onun üzləşdiyi ittihamları siyasi sayırlar. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.