İctimai fəal Bəxtiyar Hacıyevə prokuror 11 il həbs cəzası verilməsini istəyib. Dövlət ittihamçısı dekabrın 28-də Bakı Ağır Cinayətlər məhkəməsində bu təkliflə çıxış edib. Prokurur ictimai fəalın üzərinə həbs qoyulmuş əmlaklarının da müsadirəsini istəyib.
Məhkəmədə öncə B.Hacıyev vəsatət qaldırıb ki, heç olmasa, Beynəlxalq Bankda olan hesabının üzərindəki həbs götürülsün. Həmin hesabındakı vəsait Avropa Məhkəməsinin qərarı əsasında Azərbaycan hökumətinin ödədiyi kompensasiyadır. İctimai fəal deyir ki, ailə üzvləri təcridxanaya onun yanına ərzaq və başqa sovqat gətirməkdən ötrü maddi baxımdan çətinlik çəkirlər. Bank hesabındakı vəsaitdən istifadə bundan ötrü lazımdır.
Ancaq hakimlər buna razılıq verməyib. Deyiblər ki, sonda hökm çıxaranda bu məsələ barədə də qərar verəcəklər.
Ardınca məhkəmə istintaqının yekunlaşmasına qərar verilib.
Prokuror Eldar Həmzə iddia edib ki, B.Hacıyevə verilən qaçaqmalçılıq, vergidən yayınma, cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması və başqa ittihamlar məhkəmədə sübut olunub. Ancaq Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və bir neçə başqa maddə üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçib. Bu üzdən həmin ittihamlar üzrə ona cəza təyin olunmamalıdır. Lakin qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, leqallaşdırma kimi kimi əməllərə görə ictimai fəala 11 il həbs cəzası istəyib.
İctimai fəalın məhkəməsi yanvarın 6-da B.Hacıyevin vəkillərinin çıxışıyla davam edəcək. Ardından özü son sözünü deyəcək və hökm oxunacaq.
Xatırlatma
Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-dan həbsdədir. Həbs olunanda ona Cinayət Məcəlləsinin 221.2.2 (vəzifəsini yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham verilmişdi. Bu ittihamlarda söhbət Yasamal rayon Məhkəməsindəki zallardan birində onunla bloger Ülviyyə Alovlu arasındakı qalmaqaldan bəhs olunur.
İstintaqın gedişində B.Hacıyevə qarşı qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə, vergidən yayınma və s. əlavə ittihamlar irəli sürülüb.
Lakin o, özünü təqsirli bilmir, bu ittihamların hamısının əsassız olduğunu deyir. B.Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun ünvanına tənqidlərinə görə onun sifarişiylə həbs olunduğunu iddia edir.
Daxili İşlər Nazirliyi isə bu iddiaları rədd edir.