Bayden deyir Vaşinqton Ukraynanın NATO-ya qoşulma prosesini sadələşdirməyəcək

Ukrayna prezidenti Volodimir Zelenski (sağ) və ABŞ prezidenti Co Bayden G7 Summitində, Yaponiya, 21 may 2023

ABŞ prezidenti Co Bayden bildirib ki, Vaşinqton Ukraynanın Şimali Atlantika Alyansına (NATO)qoşulma prosesini sadələşdirməyəcək. Onun sözlərinə görə, Kiyev giriş üçün ümumi şərtlərə əməl etməlidir.

ABŞ prezidenti bu sözləri şənbə günü Endryus Hərbi Hava Qüvvələri bazasında Ukraynanın NATO-ya qoşulması perspektivinə toxunarkən deyib.

Buna da bax: Ukrayna NATO-ya üzv olarsa...

O, bunun avtomatik olaraq baş vermədiyini vurğilayıb. Amma Bayden eyni zamanda öz hərbi imkanlarını nümayiş etdirmək üçün Ukraynanın çox işlər gördüyünü də bildirib.

"Amerikanın Səsi" radiosu diqqəti Baydenin bu sözləri NATO-nun iyulun 11 və 12-də Vilnüsdə keçirilməsi planlaşdırılan illik sammiti ərəfəsində deməsinə çəkir.

Cümə günü NATO-nun baş katibi Yens Stoltenberq də deyib ki, Ukrayna sammitdə alyansa üzv olmağa dəvət edilməyəcək.

Buna da bax: NATO tarixində ən böyük manevrlər başlanıb

Şərqi Avropadakı NATO ölkələri Ukraynanın üzvlük əldə etməsi üçün daha aydın yol xəritəsinin yaradılmasına çalışır.

ABŞ və Almaniya isə Kiyevin nə vaxtsa alyansa qoşulacağına dair 2014-cü ildə verdikləri vəddən kənara çıxmaq istəmirlər.