Bayden Trampı kəskin tənqid edir, Putinə baş əyməyəcəyini deyir

Co Bayden

ABŞ prezidenti Co Bayden (Joe Biden) martın 7-də televiziya çıxışında seçkidə respublikaçılardan potensial rəqibi Donald Trampı (Donald Trump) Rusiya prezidenti Vladimir Putinə "boyun əydiyinə görə" kəskin tənqid edib. O, Konqresi Ukraynaya yardımı təsdiqləməyə çağırıb, dünyada demokratiyanın təhdid altında olması ilə bağlı xəbərdarlıq edib.

Konqresdəki ənənəvi "Ölkənin vəziyyəti" adlı çıxışı on milyonlarla amerikalı izləyib.

Bayden Trampın ABŞ-ın lideri olduğu NATO müdafiə alyansı barədə son sözlərini pisləyib, onu respublikaçılardan keçmiş prezident Ronald Reyqanla (Ronald Reagan) müqayisə edib.

"Rusiya liderinə baş əymək..."

Tramp ötən ay seçki kampaniyası vaxtı deyib ki, vəzifədə olanda NATO müttəfiqinə xəbərdarlıq edib. Ona deyib ki, alyans üzvləri müdafiə xərclərinə əməl etməsələr, Rusiyanı istədiklərini etməyə həvəsləndirəcək.

Bu isə Trampın noyabrda seçkini udacağı halda, Birləşmiş Ştatları NATO-dan çıxara biləcəyi sarıdan qorxu yaradıb.

"Rusiya liderinə baş əymək biabırçılıq, təhlükəli və qəbuledilməzdir", - deyən Bayden respublikaçıların fəxrlə xatırladığı Reyqanın Soyuq müharibə dövründə Kremlə qarşı necə dayanmasını yada salıb.

Bayden NATO-nun həmişəkindən güclü olduğunu deyib, İsveçin baş naziri Ulf Kristerssonun da onun çıxışını dinlədiyini vurğulayıb.

İsveç martın 7-də NATO-nun 32-ci üzvünə çevrilməklə 200 illik birləşməmə erasına son qoyub. Rusiya 2022-ci ildə Ukraynanı işğal etməyə başlayanda İsveç müdafiə alyansına qoşulmaq üçün müraciət edib.

"Ukraynanın yanında olsaq..."

Bayden Konqresi Ukraynaya yardım paketini qəbul etməyə çağırıb, xəbərdarlıq edib ki, Putin Ukrayna sərhədində dayanmayacaq.

Nümayəndələr Palatasındakı sağ-qanad respublikaçılar bir neçə aydır 60 milyard dollarlıq yardım paketinin qəbulunu əngəlləyirlər. Hazırda Ukrayna qüvvələrinin ABŞ sursat və silahı azalır və Rusiya iki illik müharibədə təşəbbüsü ələ alır. Ötən ay Rusiya şərqi Avdeyevka şəhərini tutub.

"Ukraynanın yanında olsaq və özünü müdafiə etməsi üçün silahları versək, Ukrayna Rusiyanı dayandıra bilər", - Bayden deyib.

"Prezident Putinə mesajım sadədir. Biz çıxıb getməyəcəyik. Biz boyun əyməyəcəyik. Mən boyun əyməyəcəyəm", - Bayden vurğulayıb.

Bayden Trampı 2020-ci ildə seçkinin nəticələrini dəyişdirmək cəhdinə görə tənqid edib, belə səylərin ölkədə demokratiyaya ağır təhdid yaratdığını söyləyib.

"Ölkəni yalnız qalib gələndə sevə bilməzsən", - ABŞ prezidenti deyib.

Baydenin builki müraciəti noyabr seçkisinə görə daha böyük əhəmiyyət daşıyır. Bu çıxış onun seçkiöncəsi amerikalı seçicilərinə xitab üçün ən böyük fürsəti sayıla bilər.

Baydenin reytinqi, yaşı...

Tramp martın 5-də 15 ştatdan 14-də praymeriz seçkilərini udub, respublikaçılardan prezidentliyə namizəd olmaq şansını möhkəmləndirib. Bayden 2020-ci ildə Trampı məğlub etmişdi, amma bu il reytinqi aşağı olduğundan onu daha sərt mübarizə gözləyir.

"Pew" tədqiqat mərkəzinin yanvarda açıqladığı sorğuya görə, amerikalıların cəmi 33 faizi Baydenin işini bəyənir, 65 faizi bəyənmir. Son iki ildə prezidentin işini bəyənmə faizi 40-dan aşağı olub.

81 yaşlı Bayden ABŞ tarixində ən yaşlı prezidentdir və bu məsələ də narahatlıq yaradır. Seçicilərin üçdə ikisi onu ikinci müddətə ölkəni idarə etmək üçün çox yaşlı sayır.

Ötən ay xüsusi müşavirin hesabatında prezidentin yaddaşı ilə bağlı suallar yer alıb, bu da onun ölkəni daha dörd il idarə etməsi üçün zehni qabiliyyəti ilə bağlı narahatlığı gücləndirib.

Elə bu çıxışında da Baydenin fiziki durumu diqqətlə izlənirdi. Ancaq bir saatdan çox çəkən çıxışını qıvraq şəkildə çatdırıb, ciddi səhvə yol verməyib.