Bayden Netanyahu ilə görüşüb

Benyamin Netanyahu və Co Bayden

İyulun 25-də ABŞ prezidenti Co Bayden (Joe Biden) Ağ evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb. ABŞ administrasiya rəsmilərinin dediyinə görə, görüşün əsas mövzusu Qəzzada atəşkəslə bağlı razılaşma, ABŞ və Aİ-nin terrorçu kimi tanıdığı HƏMAS radikal qruplaşmasının girovları azad etməsi barədə olub.

Netanyahu Baydenə İsrail dövlətinə "50 illik" dəstəyinə görə təşəkkür edib. İlk dəfə 1972-ci ildə Senata seçilən Bayden 50 ildən çoxdur siyasətdədir. O, noyabrın 5-də keçiriləcək prezident seçkisində Demokratlar Partiyasından namizəd olmaqdan imtina edərək vitse-prezident Kamala Harrisi dəstəkləyib.

Netanyahuya müraciət edən ABŞ prezidenti deyib ki, onlar çox məsələni müzakirə etməlidirlər. Ağ evin təmsilçisi Con Körbi (John Kirby) daha sonra bildirib ki, görüşdə prezident bir daha Qəzza sektorunda atəşkəsin tezliklə, azından altı həftəliyə əldə olunmasının vacibliyini qeyd edib.

Harris daha qəti danışıb

Baydenlə Netanyahu HƏMAS-ın girov kimi saxladığı, ABŞ və İsrail vətəndaşlığı olan şəxslərin ailələri ilə də görüşüblər.

ABŞ-nin vitse-prezidenti Kamala Harris isə Netanyahu ilə görüşündə onu HƏMAS-la tezliklə atəşkəs sazişi əldə etməyə çağırıb. Onun sözlərinə görə, Netanyahu ilə "səmimi və konstruktiv" danışıq aparıb, İsrailin özünümüdafiə hüququnu vurğulamaqla yanaşı, Qəzzada doqquz aydır gedən müharibədə yüksək ölü sayı, ağır humanitar vəziyyətlə bağlı dərin narahatlığını bildirib.

Demokratlar Partiyasından prezidentliyə mümkün namizəd Harris prezident Co Baydenin Qəzzada qəddar müharibəyə son qoymağın vaxtının çatması ilə bağlı çoxdankı mesajı bir də dilə gətirib. AP Harrisin bu mesajı daha qətiyyətlə verdiyini yazır. Harris HƏMAS-ın qəddarlığını da pisləyib.

Benyamin Netanyahu ABŞ Konqresində

Netanyahunun Konqresdəki çıxışı

Bir gün öncə isə Netanyahu Konqresdəki çıxışında Qəzzadakı müharibəni müdafiə edib, HƏMAS-a qarşı "qətiyyətli qələbə" çalacaqlarını söyləyib, atəşkəs danışıqlarına nisbətən az toxunub. Netanyahu İranı Yaxın Şərqdə, bütün dünyada təhlükəsizliyə başlıca hədə adlandırıb. O, Birləşmiş Ştatları İsraillə birlikdə İran təhdidinə qarşı hərbi alyans yaratmağa çağırıb. Netanyahu həmçinin Vaşinqtonu İsrailə hərbi yardımı gücləndirməyə səsləyib.

Oktyabrın 7-də HƏMAS İsrailə hücum edərək 1200 nəfəri qətlə yetirib, 250 nəfəri girov götürüb. Girovlardan bəziləri sonradan azad olunub, bəziləri vəfat edib.

Qəzzadakı əməliyyatlarda isə azı 35 min fələstinlinin öldürüldüyü bildirilir.

Vaşinqtonda Netanyahunun səfərinə etiraz aksiyası keçirilib. Kapitoli binasının ətrafına yığışanlar Fələstini müdafiə, İsraili Qəzzada dinc əhalini öldürməkdə ittiham ediblər. Konqresin onlarla üzvü isə Netanyahunun çıxışı zamanı etiraz əlaməti olaraq zalda iştirak etməyiblər.

Eyni vaxtda Vaşinqtonda İsrail tərəfdarlarının da nümayişləri keçirilib. Onlar Netanyahu hökumətini girovların azad olunmasından ötrü yetərincə səy göstərməməkdə ittiham ediblər.