Bu gün, martın 22-də Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Co Baydenin Novruz bayramı münasibəti ilə göndərdiyi məktuba cavab verib.
Məktubda yazılıb ki, bu il Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd edilir: "…Ötən 30 ildə ölkələrimiz arasında uğurlu ikitərəfli münasibətlər formalaşmışdır. Bu dövr ərzində çoxşaxəli səmərəli fəaliyyətimiz qarşılıqlı investisiya yatırımı, ölkənizi təmsil edən yüzlərlə şirkətin Azərbaycanın iqtisadi həyatında fəal iştirakı ilə müşayiət olunmuşdur".
Onun vurğulamasına görə, Azərbaycan ilə Birləşmiş Ştatların, ikitərəfli müstəvidə olduğu kimi, çoxtərəfli əsasda da vacib məsələlərin həlli istiqamətində birgə fəaliyyəti təqdirəlayiqdir: "Bu baxımdan enerji təhlükəsizliyi, beynəlxalq təhlükəsizlik, terrorizmə qarşı mübarizə tərəfdaşlığımızı səciyyələndirən aparıcı sahələr sırasındadır".
Buna da bax: Qarabağda sülh cəhdləri - Vaşinqtonun təmsilçiləri də təmaslarını sıxlaşdırırİ.Əliyevin yazdığına görə, Azərbaycan Respublikası xalqın iradəsi və maraqları əsasında müstəqil siyasət yürüdən dövlətdir.
Prezidentin qeyd etməsinə görə, Azərbaycanın tarixi torpaqlarının işğaldan azad olunması ilə Ermənistanın 30 illik hərbi təcavüzünə son qoyulub: "Biz sülhün tərəfdarı olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi beynəlxalq hüququn fundamental baza prinsipləri əsasında Ermənistanla sülh sazişi üzrə danışıqlara başlamağa hazırıq. Gələcəyə köklənmiş baxış əsasında ABŞ-ın Azərbaycanın sülh gündəliyini dəstəkləyəcəyinə ümidvarıq".
O vurğulayıb ki, işğaldan azad edilən torpaqlarda postmünaqişə dövründə bərpa və yenidənqurma işləri həyata keçirilir: "Biz ABŞ-dan olan şirkətlərin də bu prosesdə iştirakını görməkdən məmnun olardıq".
Buna da bax: Avropanın qaz ehtiyacı artır, Azərbaycan nə təklif edir?Baydendən Azərbaycan xalqına təbrik
ABŞ Prezidenti Co Bayden Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
AZƏRTAC-ın xəbərinə görə, məktubda yazılıb: "Hörmətli cənab Prezident, sizə və Azərbaycan xalqına sevincli, firavan Novruz bayramı arzulayıram. Bu yenilənmə zamanı əməkdaşlığımızı və sülhə sadiqliyimizi yenidən təsdiqləmək üçün bir imkandır".
Məktubda qeyd edilib ki, bu il Birləşmiş Ştatlarla Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyidir: "Bu ildönümünü qeyd etdiyimiz bir zamanda Administrasiyam Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəkdir. Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik. Birləşmiş Ştatlar hökuməti adından Sizə və Azərbaycan xalqına ən xoş arzularımı yetirirəm".
Martın 21-i Beynəlxalq Novruz Günüdür.