Bayden Əliyevi və Azərbaycanı Novruz münasibətilə təbrik edib

Azərbaycan və ABŞ prezidentləri İlham Əliyev və Co Bayden (Arxiv fotosu)

ABŞ prezidenti Co Bayden prezident İlham Əliyevi və Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Prezident Baydenin bu münasibətlə göndərdiyi məktubda vurğulanır ki, “ötən il ərzində Azərbaycanla Birləşmiş Ştatlar enerji təhlükəsizliyini inkişaf etdirmək və iki xalqın üzləşdiyi transmilli çətinliklərin aradan qaldırılması üçün bir araya gəliblər”:

“Bu il, baharı və yeni başlanğıcı bayram etdiyimiz bir vaxtda mən xalqlarımız arasında dostluğun dərinləşməsini arzu edirəm. Bu yenilənmə, düşüncə fəslində Birləşmiş Ştatların Azərbaycan və Ermənistan arasında davamlı sülhə sadiqliyini bir daha təsdiqləyirəm. Bu, bütün Cənubi Qafqaz boyunca gələcək nəsillərə təhlükəsizlik və firavanlıq gətirəcək ”.

Növruz bayramı martın 20-i, 21-də Azərbaycanda və dünyanın bir çox yerlərində qeyd edilib.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. ABŞ Aİ formatını dəstəkləyir. Amma, hələlik, tərəflər arasında sülh sazişi imzalanmayıb.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.