“Bayram hər ikinci və beşinci gün zəng edir. Bu gün zəng etməli idi. Etmədi...”.
Həbsdə olan gənc fəal Bayram Məmmədovun atası Fərman Məmmədov AzadlıqRadiosu-na açıqlamasında belə deyib.
O, ikinci gündən, dekabrın 12-dən bu yana oğlundan xəbər ala bilmədiklərini bildirib.
Atası deyib ki, Bayram Məmmədovla üç gün əvvəl, dekabrın 12-si telefonla əlaqə saxlayıblar. O, valideynlərinə narahatlıq doğuran nəsə söyləməyib.
Buna da bax: Vəkili: ‘Bayram Məmmədovun böyrəklərində iltihab yaranıb’
“Yeni bir xəbər yoxdur. Sonuncu dəfə dekabrın 12-də danışa bilmişik. Bu gün danışmalı idi ki, ancaq zəng etmədi”, – atası deyib. O, gələn həftənin əvvəli görüş günü olduğunu, cəzaçəkmə müəssisəsinə gedəcəklərini bildirib.
Bayram Məmmədovun “kars”a (cərimə kamerası) salındığı bildirilir.
NİDA Vətəndaş Hərəkatından belə bir açıqlama yayılıb. Onlar cəzaçəkmə müəssisəsindən belə məlumat aldıqlarını iddia edirlər.
Buna da bax: Ana: 'Deyirlər, Bayramı döyüblər. Döymək nədir? Vandalizmdir bu...'
B.Məmmədov 13 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.
Hərəkatdan deyiblər ki, Bayram Məmmədov 30 sutkalığa cəzalandırılıb. Onun cərimə kamerasına salınmazdan öncə işgəncəyə məruz qaldığı da iddia edilir. Hərəkatdan bildirildiyinə görə, gənc müəssisədə qanunsuzluqların baş verdiyini bildirərək buna etiraz edib və bundan sonra döyülərək cərimə kamerasına salınıb.
Buna da bax: Gözəl Bayramlı: 'Milyonlar yeyən generallar azadlıqdadır, məni isə ev dustaqlığına...'
Ancaq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən, habelə 13 saylı Cəzaçəkmə Müəssisəsindən B.Məmmədovun “kars”a salınıb-salınmadığını dəqiqləşdirmək və işgəncə iddialarına aydınlıq gətirmək mümkün olmayıb.
Bayram Məmmədovun bundan əvvəl də cəzaçəkmə müəssisəsində ayrıseçkilik və işgəncələrə məruz qalması ilə bağlı açıqlamalar səslənib. Ancaq Penitensiar Xidmət belə açıqlamaları yalanlayaraq cəzaçəkmə müəssisələrində ayrıseçkiliyin olmadığını bəyan ediblər.
XATIRLATMA
B.Məmmədov digər gənc fəal Q.İbrahimovla birgə ötən il mayın 10-da saxlanıb. Rəsmi qurumlar onları narkotikdə ittiham edir.
Məhkəmə qanunsuz narkotik maddə dövriyyəsi ittihamını təsdiqləyib, onların hər birini 10 il azadlıqdan məhrum edib.
Ancaq gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər, onlar keçmiş prezident, indiki dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə «Qul bayramınız mübarək!» şüarı yazılmasına görə həbs olunublar.
«Amnesty International» təşkilatı Q.İbrahimov və B.Məmmədovu «vicdan məhbusu» elan edib.
Hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir.