İyulun 27-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, nazirlər ikitərəfli və regional gündəlikdə duran məsələlər üzrə fikir mübadiləsi aparıblar:
"Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri arasında keçirilmiş son görüşdən irəli gələn məsələlər müzakirə edilib..."
Bildirildiyinə görə, telefon danışığı zamanı habelə, iqtisadiyyat, nəqliyyat sahəsində əldə edilmiş ikitərəfli və regional razılaşmaların icrasının vacib olduğu bildirilib:
"Azərbaycanla İran arasında ikitərəfli gündəlikdə duran bəzi açıq məsələlərin həll edilməsinin vacib olduğu bildirilib".
Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrlərinin son görüşü 10 gün öncə, iyulun 17-də (İranın Astara şəhərində) keçirilib.
Tərəflər onda regionun tranzit potensialının inkişafı ilə bağlı səylərin davam etdirilməsinin vacibliyini vurğulayaraq, nəqliyyat kommunikasiyalarının inkişafına və şaxaləndirilməsinə yönəlmiş layihələrin sürətləndirilməsini məqsədəuyğun sayıblar.
Buna da bax: Əfqanıstan şiələrinə Aşura xəbərdarlığı edilibXatırlatma
Əslində yaxın aylara qədər Azərbaycan və İran rəsmiləri arasında qarşılıqlı ittihamlar eşidilməkdə idi.
Azərbaycanın hüquq-mühafizə orqanları İranda bəzi dairələrdən təlimat alan bir sıra şəxslərin ölkənin konstitusiya quruluşuna qarşı fəaliyyət apardığını bildirirdi.
İran isə Azərbaycanda onlara qarşı xarici qüvvələrə şərait yaradıldığını iddia edirdi.
İttihamlar qarşılıqlı olaraq təkzib olunurdu.Bu il yanvarın 27-də isə Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olmuşdu.
Səfirliyin bir əməkdaşı həlak olub, ikisi yaralanmışdı. Bundan sonra Azərbaycan səfirliyin işçilərini təxliyə edib. İran silahlı hücumun araşdırılacağını bəyan edib.