BDU tələbələri pulsuz təhsil tələb edir

BDU

Bu gün, dekabrın 24-də Bakı Dövlət Universitetinin (BDU) binasında «Pulsuz təhsil» şüarı asılıb.

Uzun şüar binanın pəncərəsindən asılıb.

«Turan» agentliyi məsələ ilə bağlı Bakı Dövlət Universitetinin mətbuat katibi Pərvanə İbrahimova ilə əlaqə saxlayıb. «Hazırda məsələ araşdırılır. Araşdırılandan sonra ətraflı məlumat veriləcək», - o qeyd edib.

2018-ci ilin məlumatına görə, Azərbaycandakı ali məktəb tələblərinin təqribən 70 faizi ödənişli əsaslarla təhsil alıb. Bu ildən etibarən rəsmilər ödənişsiz təhsil alan tələbələrin sayının artırıldığını açıqlayıblar.

Elə dekabrın 24-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə «Təhsilin inkişaf strategiyası: Nailiyyətlər və əsas hədəflər» mövzusunda keçirilən konfransda Təhsil naziri Ceyhun Bayramov da bu istiqamətdə görülən işlərdən bəhs edib.

Təhsil naziri vurğulayıb ki, ali məktəblərdə yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi nəticəsində xərclər 30 faiz artırılıb. «Hazırda ali məktəblərdə ödənişli təhsil alan imkansız ailələrdən olan 17 mindən çox tələbənin təhsil haqqı dövlət büdcəsi hesabına təmin edilir», -APA agentliyinin məlumatına görə, nazir qeyd edib.