Belarus ABŞ təşkilatlarının ofislərinin bağlanmasını tələb edib

ABŞ-ın Minskdəki səfirliyi

Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, belə addımlar Belarus hakimiyyətinin diplomatiyaya, insanlar arasında ünsiyyətə dərin inamsızlığının göstəricisidir

Belarus hakimiyyəti ABŞ-dan öz səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin, Amerikanın USAID beynəlxalq inkişaf agentliyinin və Minskdəki Amerika mərkəzinin ofislərinin bağlanmasını, habelə səfirlikdə çalışan 20 Belarus vətəndaşının işdən azad olunmasını tələb edib.

Bu barədə məlumatı ABŞ diplomatı Culi Fişer verib:

"Bu hərəkətlər Belarus hakimiyyətinin diplomatiyanın rolundan, insanlar arasındakı bağlardan və müstəqil vətəndaş cəmiyyətindən keçirdiyi dərin təşvişi nümayiş etdirir”.

ABŞ diplomatı bəyan edib ki, Vaşinqton Belarusda demokratiyanın inkişafına və Belarus xalqının azad və müstəqil ölkədə daha perspektivli gələcək qurmaq arzusuna dəstəyini dayandırmayacaq.

"Bu son tədbirlər bizi Belarus xalqına fayda verən və ölkələrimizin vətəndaşları arasında ünsiyyəti gücləndirən informasiya fəaliyyətimizdən, adamlar arasında qarşılıqlı təmasların qurulması üçün səylərimzidən çəkindirməyəcək”.

Belarusun Nyu Yordakı konsulluğu bağlanıb

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, belə addımlar Belarus hakimiyyətinin diplomatiyaya, insanlar arasında ünsiyyətə, açıqlığa və vətəndaş cəmiyyətinə dərin inamsızlığının göstəricisidir.

Belarusun Xarici İşlər Nazirliyi avqust ayında Culi Fişerin ölkəyə səfir kimi gəlməsinə verdiyi icazəni geri götürüb.

Bundan başqa Minskdəki ABŞ səfirliyinə sentyabrın 1-dək diplomatik heyətin sayını 5-ə endirmək təklifi verilib.

Rəsmi Minsk bu addımlarını Vaşinqtonun “bütün sahələrdə əməkdaşlığı məhdudlaşdırması və Belarusu iqtisadi vasitələrlə boğmağa çalışması” ilə əsaslandırıb.

Bundan əvvəl ABŞ Belarusa qarşı sanksiyaları genişləndirmiş və qara sihahıya 20 fərdin, Milli Olimpiya Komitəsinin, İstintaq Komitəsinin, şirkət və müəssisələrin adlarını daxil etmişdi.

Birləşmiş Ştatların tələbi ilə Belarusun Nyu Yordakı baş konsulluğunun fəaliyyəti dayandırılıb.