Azərbaycan II Avropa Oyunlarında ilk medalını qazanıb

Avropa Oyunları, Belarus, 21 iyun,2019

“Minsk 2019” II Avropa Oyunlarının ikinci günü - iyunun 22-də Azərbaycan ilk medalını qazanıb.

Azərbaycanın aktivinə birinci medalı akrobatika gimnastları yazdırıblar.

Qarışıq komanda yarışında mübarizə aparan Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi cütlüyü dinamik hərəkətlərdə 28,830 xal toplayaraq gümüş medala sahib olub.

Bu yarışda qızıl medalı Rusiyadan olan gimnastlar Viktoriya Aksenova və Kiril Startsev cütlüyü qazanıb.

İyunun 21-də Minskdə II Avropa Oyunları başlayıb.

İyunun 30-dək davam edəcək II Avropa Oyunlarına Avropanın 50 ölkəsindən 4 mindən çox idmançı qatılıb. Orada idmanın 15 növü üzrə 200 dəst medal qazanılmalıdır. Azərbaycandan Minskə 82 idmançı yollanmışdı. Onlar idmanın 11 növünü təmsil edirdilər.Həmin idmançılardan bəziləri artıq, yarışı medalsız başa vurublar.

Xatırlatma

Tarixdə ilk Avropa Oyunları 2015-ci ilin iyununda (12-28-də) Bakıda keçirilib. Bakı-2015-də Azərbaycan komanda hesabında ikinci yerdə qərarlaşıb. Onlar 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanıblar.

İlk Avropa Oyunlarında birinci yeri isə aktivində 164 medal (79-40-45) olan Rusiya tutub. II Avropa Oyunlarına ev sahibliyi edən Belarus idmançıları isə Bakıda 43 medalla (10-11-22) yeddinci olmuşdular.