Minsk və Gəncə zavodlarının yeni traktor layihəsi

Belarus və Azərbaycan prezidentləri Alyaksandr Lukaşenka və İlham Əliyev

“Minsk traktor zavodu və Gəncə avtomobil zavodu hazırda Türkiyədə traktorların yığılması ilə bağlı bizim ümumi layihə üzərində işləyir. Biz bu mühüm perspektivli istiqaməti inkişaf etdirəcəyik və bu, Azərbaycan prezidentinin mövqeyi sayəsində mümkün olub”

AZƏRTAC-ın xəbərinə görə, bunu noyabrın 19-da Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan dövlət başçısı İlham Əliyevlə görüşdən sonra mətbuata birgə bəyanatında qeyd edib.

Lukaşenko deyib ki, artıq Azərbaycanda Belarus dərmanlarının buraxılışı üzrə birgə müəssisənin yaradılması sahəsində işlər aparılır.

“Tam əminəm ki, digər irimiqyaslı maraqlı layihələrin gerçəkləşməsi də çox uzaqda deyil”, deyə o vurğulayıb.

Azərbaycan prezidenti də Gəncə Avtomobil Zavodunun bazasında “Belarus” traktorlarının yığılması məsələsinə toxunaraq vurğulayıb ki, artıq 10 mindən çox traktor (11 il ərzində) yığılıb və lokallaşma səviyyəsi ildən-ilə artır:

“Biz bugün kombaynların istehsalı üçün oxşar yanaşma barədə razılaşdıq.”

Azərbaycan prezidenti iki ölkə arasında imzalanan sazişlərə toxunaraq sonra da deyib:

“Təsadüfi deyil ki, bu gün imzalanan sənədlər arasında memorandum da var. Bu sənəd ən qısa müddətdə Belarusdan hərbi texnikanın növbəti partiyasının alınması üçün müqaviləyə çevriləcək”

Xatırlatma

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 18-də Belarusa səfər edib. Noyabrın 19-da Azərbaycan və Belarus prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri olub.

Daha sonra iki ölkə rasında 10-a qədər saziş imzalanıb. Bu sazişlər əsasən sosial-əmək, kənd təsərrüfatı, məhkəmə-ekspertiza, miqrasiya, hava hücumundan müdafiə silah və texnikasının təchiz olunması sahələrini əhatə edib.

Azərbaycan prezidentinin Belarusa səfəri başa çatıb.