Avropa İttifaqı liderlərinin bu həftənin sonuna planlaşdırılan sammiti bir həftə müddətinə təxirə salınıb.
Buna səbəb Avropa Şurasının prezidenti Charles Michel-in cangüdənlərindən birini koronavirusa yoluxması olub. Buna görə indi cənab Michel də karantində olmalıdır.
Xəbər verilir ki, sammit oktyabrın 1-də və 2-də keçiriləcək.
Michel-in sözçüsü Barend Leyts sentyabrın 22-də deyib ki, AŞ prezidenti ötən həftə həmin mühafizəçi ilə təmasda olub.
Belçikanın karantin qaydaları
Avropa liderləri fiziki məsafə qaydasını gözləməklə şəxsi görüşlərini bərpa ediblər, lakin Avropa İttifaqı rəsmiləri hələ də Belçikanın karantin qaydalarına əməl etməlidirlər.
İttifaqın qarşıdan gələn sammitində liderlər Belarus prezidenti Alyaksandr Lukaşenka və bu ölkənin başqa rəsmilərinə sanksiyalar qoyulmasının mümkünlüyünü müzakirə etməlidirlər.
Bundan əvvəl Avropa Parlamenti Lukaşenkanı legitim dövlət başçısı kimi tanımadığını bildirib.
Belarus müxalifəti 9 avqust seçkisinin saxtalaşdırıldığını iddia edir və Lukaşenka üzərinə sanksiyaların qoyulmasına çağırır.
Buna da bax: Belarusda Lukaşenkaya etiraz olaraq daha bir fəhlə şaxtadan çıxmaq istəmir
Kipri Fransa da yola gətirə bilməyib
Bundan əvvəl Avropa İttifaq xarici işlər nazirləri Kiprin tutduğu mövqeyə görə Belarus üzərinə sanksiyalar məsələsində konsensusa gələ bilməmişdilər.
Kipr Belarusla yanaşı Türkiyə üzərinə də Avropa sanksiyalarının qoyulmasını tələb edir.
Kipr bildirir ki, Türkiyə onun iqtisadi-ərazi sularında qanunsuz olaraq neft-qaz axtarışı aparır.
Avropa İttifaqının xarici işlər komissarı Josep Borrell sentyabrın 21-də deyib ki, nazirlər Belarusa qarşı sanksiyaların zəruriliyi barədə mövqeyi bölüşsələr də, belə qərarların qəbulu üçün konsensus və ya yekdillik əldə olunmayıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Hələ Lukaşenka barədə də fikir ayrılığı var
Avropa İttifaqında bu tip qərarların qəbulu bütün üzvlərin razılığını tələb edir. Bəzi xəbərlərə görə Kiprə güclü dəstək verən Fransa da Nikoziyanı Belarusa qarı sanksiyaları bloklamamağa və bu iki məsələni qarışdırmamağa inandırmağa çalışırdı.
Latviyanın xarici işlər naziri Edqars Rinkeviç Kiprə eyham vuraraq bildirmişdi ki, “müəyyən ölkənin” bu məsələni “girov götürməsinə” görə insan haqlarının kobud pozulmasına qarşı sanksiyaları qəbul etmək mümkün olmayıb.
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların qoyulacağını ilk dəfə 3 həftə bundan əvvəl bəyan edib. Sanksiyalar siyahısına 40-dək Belarus rəsmisinin adları daxil edilib.
Burası da var ki, sanksiya siyahısına Lukaşenkanın özünün salınması barədə də müəyyən fikir ayrılıqları var.