Belçika polisi çərşənbə axşamı 31 insanın həyatına son qoymuş partlayışların ardınca Brüsseldə 6 şübhəlini həbs edib.
Həbslərin Sxarbek rayonunda edildiyi xəbər verilib. Həbs olunanların adları və ya bomba basqınları ilə əlaqəsi barədə hələlik heç bir açıqlama verilməyib.
Bu arada Fransada hücum hazırlayan başqa bir şübhəli Paris yaxınlığında həbs olunub.
Müstəntiqlər indiki Brüssel və noyabr ayında Parisdə törədilmiş bomba basqınları arasında əlaqə olduğunu bildiriblər.
İstər Parisdə, istərsə də Brüsseldə bomba partlayışları üçün məsuliyyəti öz üzərinə İslam Döbvləti adlandırılan təşkilat götürüb.
Sxarbekdə həyata keçirilmiş həbslərin ardınca polis ərazidə evbəev axtarışlara başlayıb.
Nazirlərin istefası qəbul edilməyib
Cümə axşamı Fransa polisi hücum hazırlayan bir şübhəlini həbs etdikdən sonra, Parisin şimal-qərbindəki Arjanteydə antiterror əməliyyatına başlanıb.
Fransanın daxili işlər naziri Bernard Cazeneuve deyib ki, həbs edilmiş şəxs fransız əsillidir və onun bundan əvvəlki Paris və Brüssel hücumları ilə bağlılığı olmasa da, o artıq öz hücum planının icra mərhələsinə yaxınlaşırmış.
Ötən noyabrda Parisdə törədilmiş terror hücumları nəticəsində 130 nəfər həlak olub.
Cümə axşamı Belçika Brüssel basqınçılarından biri barədə “səhvə yol verdiyini” etiraf edib.
Bundan əvvəl Türkiyə Brahim el-Bakraoui adlı terror şübhəlisinin “əcnəbi cihadçı” olması barədə Belçikaya xəbərdarlıq etsə də, Brüsselin bu xəbərdarlığa etinasız yanaşdığını bildirmişdi.
Belçikanın daxili işlər və ədliyyə nazirləri istefa ərizələrini təqdim etsələr də, baş nazir bu istefaları qəbul etməyib.
Daha bir şübhəli axtarışdadır
Brahim el-Bakraoui təhlükəsizlik kamereralarına düşmüş üç nəfərdən ortada olanıdır.
Zaventem hava limanında 11 nəfərin həyatına son qoymuş bomba partlayışlarında o da iştirak edib.
Bundan əvvəl rəsmən təsdiq edilməmiş bəzi xəbərlərdə deyilirdi ki, Brüssel hava limanındakı partlayışlara görə axtarılan şəxs cihadçı Najim Laachraoui-dir. Ona aid DNT materialı Paris hücumlarında istifadə edilmiş partladıcıların üzərindən tapılmışdı.
Hava limanına hücumda şübhəli bilinən üçüncü şəxsin kimliyi müəyyənləşdirilməyib və o hələ də azadlıqdadır.
Bakraoui-nin qardaşı Khalid Maelbeek metro stansiyasında partlayış törədib. Bu partlayış nəticəsində 20 nəfər həlak olub.
Bəzi məlumatlara görə, metro hücumu ilə bağlı ikinci şübhəli də axtarışdadır. AFP agentliyinin məlumatına görə təhlükəsizlik kamerasının görüntülərində Khalid el-Bakraoui-nin arxasında gələn iri çamadanlı başqa bir nəfər də qeydə alınıb.
Abdeslam susur
Bu arada polis bildirir ki, müstəntiqlər Brüsseldə də Parisdə olduğu kimi çox böyük bir hücumun planlaşdırıldığını düşünürlər. Onların fikrincə, burada da Parisdə olduğu kimi partlayışlardan əlavə atışmalar olmalıymış.
Brüssel basqınçıları ilə Paris hücumlarına görə şübhəli bilinən Salah Abdeslam arasında əlaqə təsdiqini tapıb.
Abdeslam Belçika paytaxtında baş vermiş partlayışlardan 4 gün əvvəl Brüsseldəki mənzillərdən birində həbs edilmişdi.
Müstəntiqlər bildirirlər ki, Khalid el-Bakraoui də saxta adla həmin mənzili kirayələyirmiş.
Cümə axşamı Abdeslam-ın vəkili bildirib ki, onun müştərisi fikrini dəyişib və Fransaya ekstradisiya edilməsinə müqavimət göstərməyəcək.
Lakin bununla yanaşı, 26 yaşlı Abdeslam Brüssel partlayışlarından dərhal sonra müstəntiqlərə ifadə verməsini dayandırıb.