Belqradda məktəbdə 9 nəfər öldürülüb

Hadisə yeri

Belqradda səkkiz şagirdi və məktəb mühafizəçisini öldürməkdə ittiham olunan yeniyetmə psixiatrik klinikaya yerləşdiriləcək. Bunu Serbiya prezidenti Aleksandar Vuçiç deyib.

Prezident mayın 3-də keçirilən mətbuat konfransında qurbanları bir dəqiqəlik sükutla anaraq, həmin günü Serbiyanın müasir tarixində ən çətin günlərdən biri kimi təsvir edib.

Vuçiç deyib: "Uşaqları geri qaytara bilmərik, amma bunun səbəblərini araşdırmağa, hər birimizin məsuliyyətimizi nəzərdən keçirməyə, həll yolları axtarmağa çalışmalıyıq ki, belə bir şey nə qədər gözlənilməz olsa da, bir daha təkrarlanmasın".

Daxili İşlər Nazirliyi bundan öncə bildirib ki, Vladislav Ribnikar ibtidai məktəbində baş verən atışmada bir neçə uşaq və bir müəllim də yaralanıb. Serbiyada ibtidai məktəblər birinci sinifdən səkkizinci sinifə qədərdir.

Buna da bax: Bolqarıstanda silah tacirinin zəhərlənməsi, partlayışlar, rusiyalı agentlər...

Bir neçə dəfə atəş açılıb

İnsanlar həlak olanların xatirəsini ehtiramla yad etmək üçün məktəbin qarşısına toplaşıblar. Şamlar yandırılıb, gül və xatirə yazıları qoyulub. Silahla bağlı qanunların sərt olduğu və kütləvi atışmaların nadirən görüldüyü bu Balkan ölkəsində üç günlük matəm elan edilib.

Adının baş hərfləri K.K. olan yeddinci sinif şagirdinin atasına məxsus odlu silahdan məktəbə bir neçə dəfə atəş açdığı bildirilir. O elə hadisə yerindəcə tutulub. Uşağın yaşı əvvəlcə 14 göstərilsə də, sonradan səlahiyyətlilər onun 13 olduğunu bildiriblər.

Vuçiç yeniyetmənin valideyinlərinin də həbs edildiyini deyib.

O, həmçinin silah saxlama qanunvericiliyinə dəyişiklik edilməsi ilə bağlı təkliflərini açıqlayıb. Vuçiç deyib ki, yetkinlik yaşına çatmayanların odlu silah əldə etməsi və azyaşlılara silahdan istifadənin öyrədilməsi qanunsuz hesab edilməlidir.

Buna da bax: Casusluqda suçlanan rusiyalı diplomatların... Serbiyada peyda olması

Hücum öncədən planlaşdırılıb

Belqrad polis rəisi Veselin Miliç mətbuat konfransında bildirib ki, şübhəli hücumda iki tapançadan istifadə edib, həmçinin məktəbə dörd Molotov kokteyli gətirib. Miliç deyib ki, şübhəli hücumu bir ay ərzində planlaşdırıb, öldürməyi planlaşdırdığı şagirdlərin siyahısını və məktəbin xəritəsini tərtib edib.

Məktəbin yerləşdiyi Belqradın mərkəzindəki Vraçar bələdiyyəsinin rəhbəri Milan Nedeljkoviç, jurnalistlərə demişdi ki, şübhəli şəxs silahları çantasında məktəbə gətirib və atışma dəhlizdə baş verib. Məktəbdə təhlükəsizlik kameraları var, amma metal detektorları yoxdur.

AzadlıqRadiosunun hadisə yerində olan müxbirləri şagirdlərin məktəbin yan girişindən təxliyə edildiyini bildiriblər.

14 yaşlı E.M məktəbdən təxliyə edildikdən sonra AzadlıqRadiosuna deyib: “Bu, dəhşətli idi. Bizdə bədən tərbiyəsi dərsi idi və davamlı atışma səsini eşidəndə aşağıdaydım. Sadəcə, bir güllənin səsi deyildi”.