Gələn il benzin bahalaşa bilərmi?

Sizin brauzer HTML5-i dəstəkləmir

'Premium' benzinlə çörək niyə eyni gündə bahalaşdı? (Arxiv. 2021)

Gələn il Azərbaycanda xaricdən idxal olunan benzinin bahalaşacağı gözlənir. Gələn ilin büdcə layihələrinə görə, neft məhsullarının idxalına tətbiq edilən aksizlər üzrə daxilolmalar 42.9 faiz çox nəzərdə tutulub.

Bəzi yerli ekspertlər hesab edir ki, aksizlər üzrə daxilolmalar artırsa, bu, ölkədə Aİ-95 və Aİ-98 markalı benzinlərin qiymətlərinin yüksələcəyindən xəbər verir. Sonuncu dəfə Aİ-95 və Aİ-98 benzinində bahalaşma 2022-ci ilin iyulunda baş verib. O zaman Aİ-95-in litri 1.6 manatdan 2 manata, Aİ-98 isə 1.9 manatdan 2.3 manata qaldırılıb.

Azərbaycanda Aİ-95 və Aİ-98 istehsal olunmur və ölkəyə idxal edilir.

2023-cü il vəd olunmuşdu

Halbuki rəsmilər artıq illərdir ölkədə bu markalı benzinlərin istehsal olunacağı barədə vədlər verir. Həmin növ yanacaqların Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunması nəzərdə tutulur. Rəsmi məlumata görə, bu məqsədlə zavodda artıq bir neçə ildir yenidənqurma və modernizasiya işləri aparılır. İşlərin 2023-cü ildə bitəcəyi deyilsə də, hələlik, bu barədə heç bir məlumat yoxdur.

Sizin brauzer HTML5-i dəstəkləmir

SOCAR 'AI-95' və 'AI-98' benzini niyə özü istehsal etmir? Ekspert səbəbləri izah edir

Dövlət Statistika Komitəsinin açıqlamasına görə, 2022-ci ildə Azərbaycan 102 milyon 540 min dollar dəyərində 99 min 490.98 ton Aİ-95 markalı avtomobil benzini idxal edib. Benzin, əsasən, Rusiyadan və Rumıniyadan gətirilir. Apreldə isə Azərbaycan Belarusdan da benzin idxalına başlayıb.

Milli Məclisin Energetika və təbii ehtiyatlar komitəsinin sədri Asim Mollazadə "Turan"a açıqlamasında məsələ ilə bağlı bunları deyib: "Azərbaycanda bu benzin emal edilmir və biz onu xaricdən alırıq. Benzini satan ölkələr necə qiymət qoyacaqlar, elə də olacaq. Hər şey benzin satan ölkələrdən asılıdır".

"Qiymət 10 faizə qədər arta bilər"

İqtisadçı Zöhrab İsmayıl aksizlərin artırılmasını hökumətin əlavə gəlir mənbəyi axtarışları ilə əlaqələndirir: "Hesablama Palatasının büdcə ilə bağlı rəyində göstərilir ki, hasilatın pay bölgüsü sazişləri üzrə podratçıların mənfəət vergisi azalır. Bunu kompensasiya etmək üçün hökumət əlavə addımlar atır və gəlir mənbəyi axtarır. Onlardan biri də idxal olunan neft məhsullarıdır", - o, AzadlıqRadiosuna bildirib.

Z.İsmayıl

İqtisadçının xatırlamasına görə, artıq bir neçə ildir Neft Emalı Zavodunda yenidənqurma işlərinin aparıldığı deyilir, amma ortada bir nəticə yoxdur: "Bu, SOCAR-ın (Dövlət Neft Şirkəti) bərbad idarəçiliyi ilə bağlıdır. Məlumat da verilmir ki, proses niyə yubanır. Azərbaycanda Avropa standartlarına cavab verən benzinin istehsalı mümkündür və çox vacibdir. Ölkə nəinki öz daxilində bu benzinə tələbatını ödəyə bilər, həm də Azərbaycandan benzinə görə ödənilən çox böyük həcmdə valyutanın çıxarılmasının qarşısını ala bilər. Başqa ölkələrə də bu benzini satmaq olar".

Z.İsmayıl qeyd edir ki, əgər Aİ-95 və Aİ-98-in qiymətləri qalxacaqsa, Aİ-92 də bahalaşacaq: "Ola bilməz ki, Aİ-95 və Aİ-98 benzini 2.2 və 2.5 manat olsun, amma Aİ-92 markalı benzinin qiyməti 1 manat qalsın. Çox güman ki, bunun da qiyməti qalxacaq. Bu da ölkədə qiymət artımına gətirib çıxaracaq".

Ekspertin fikrincə, Aİ-95 və Aİ-98 markalı benzinlərin qiyməti 10 faizə qədər arta bilər.

Aİ-95 və Aİ-98-dən fərqli olaraq Aİ-92-nin qiymətini Tarif Şurası tənzimləyir.

Yazıda səslənən fikirlərə Tarif Şurası və SOCAR-dan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər SOCAR-ın idarəçiliyində son illər islahatlar aparıldığını deyirlər. Qurumda belə tənqidləri isə qərəzli sayırlar.