Ekspert: Benzin ucuzlaşmır, çünki onu xaricdən bir şirkət - SOCAR gətirir

Sentyabrın 15-dən Azərbaycanda idxal olunan - yüksək keyfiyyətli A95 və A 98 benzini müvafiq olaraq 15 qəpik və 30 qəpik bahalaşıb

Adamların çox tez-tez haqqında düşündükləri bir sual var: Necə olur ki, dünyada neft bahalaşanda Azərbaycanda da benzin bahalaşır, amma ucuzlaşanda Azərbaycanda benzin ucuzlaşmır.

Bu suala cavabında iqtisadçı alim Qubad İbadoğlu deyir ki, Azərbaycanda xaricdən idxal olunan benzini bircə şirkət gətirir - o da dövlətə məxsus SOCAR-dır.

Bu gün, sentyabrın 15-dən Azərbaycanda idxal olunan - yüksək keyfiyyətli A95 və A 98 benzini müvafiq olaraq 15 qəpik və 30 qəpik bahalaşıb.

Sürücülərin çoxu deyir ki, avtomobilləri yeni model olsa da, qiyməti baha olan yüksək keyfiyyətli benzini işlədə bilmirlər, məcbur olub aşağı keyfiyyətli, yerli istehsal A 92 benzin alırlar. Bu da ziyandır, çünki maşını xarab edir.

Mütəxəssislər, aşağı keyfiyyətli benzinin ekologiya üçün də ziyanlı olduğunu deyirlər.

İqtisadçı Toğrul Vəliyev hesablayıb ki, xaricdən gətirilən A95 və 98 benzinlərdən istifadə Azərbaycanda istehsal edilən A92 benzininin 12-də 1-i qədərdir.

SOCAR-ın Rumıniya törəməsi

Azərbaycan A95 və 98 benzini əsasən Rusiya və Rumıniyadan alır. Hazırda SOCAR-ın bir törəmə müəssisəsi Rumıniyada neft emalı ilə məşğuldur. SOCAR-ın Rumıniyadan aldığı benzinin bu şirkətə aid olub-olmadığı bilinmir.

London İqtisadiyyat Məktəbinin professoru Qubad İbadoğlu deyir ki, A95 markalı benzinin istifadəçiləri getdikcə artır, o deyir ki, dünyada neftin qiyməti düşəndə bu növ benzin Azərbaycanda ona görə ucuzlaşmır ki, onu ölkəyə yalnız bir şirkət gətirir:

“SOCAR inhisarçıdır. Azərbaycanda da liberal bazar yoxdur. Bazarda da yeganə hökmran mövqedə olan SOCAR-dır. SOCAR-ın inhisarçı mövqedə olması haqsız rəqabət yaradır. Bu, təbii ki, aradan qaldırılmalıdır. Bu da yalnız və yalnız bazarın liberallaşdırılması şəraitində mümkündür. Azərbaycan hakimiyyəti də bu bazarı liberallaşdırmaq niyyətində deyil”.

SOCAR-ın mətbuat xidmətindən AzadlıqRadiosuna bildiriblər ki, başqa şirkətlərin ölkəyə benzin gətirib-gətirməməsi ilə bağlı onlarda məlumat yoxdur, amma qanun başqalarının da benzin gətirməsini qadağan etmir.

SOCAR-dan bildiriblər ki, Azərbaycan özü yüksək keyfiyyətli benzinin istehsalına 2023-cü ildən başlaya bilər.

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycanda benzin yenidən bahalaşdı

Başqa qiymətlər də qalxır

Bu gün həm də Bakıda bəzi mağazalarda bəzi növ çörəklərin qiyməti ortalama 15 qəpik qalxıb. Çörəkdən başqa şəkər tozunun, süd tozunun, kofenin və makaronların qiymətlərində də artım müşahidə olunur.

İqtisadçı Toğrul Vəliyev deyir ki, son vaxtlar artan qiymətlər istehlak qiymətlərinə təsir edib:

“Hər bir halda təsir edəcək. Yəni, hamı gözləyəcək ki, bəlkə digər benzinin də qiyməti artacaq. Normalda istehsalçılar, daşınma ilə məşğul olanlar gözləyəcəklər ki, bəlkə 92-nin də, dizel yanacağının da qiyməti artdı. Yəni, bunu hamı gözləyəcək və nəticə etibarilə bu da əlbəttə ki, gözləntilərində, qiymətin qalxmasında həyata keçiriləcək”.

Bakı sakinləri isə bahalaşmadan şikayətçidir:

Azərbaycanda keçən il rəsmi inflyasiya 3 faizdən də az olub, İqtisadçı Toğrul Vəliyev isə artan yanacaq qiymətləri fonunda ilin sonuna istehlak qiymətlərində 8 faiz artım olacağını gözləyir.