Türkmənistan prezidenti oğlunu qubernator təyin edir

Serdar Berdymukhammedov

Dövlət mediasının verdiyi xəbərə görə Türkmənistanın avtoritar prezidenti Gurbanguly Berdymukhammedov oğlunu ölkənin mərkəz-cənub bölgəsindəki Ahal regionunun qubernatoru təyin edib.

Haqqında iyunun 17-də xəbər verilmiş bu təyinat 37 yaşlı Serdar Berdymukhammedov-un atasının varisi kimi hazırlanmasına dair çoxdan dolaşan şayiələri daha da möhkəmləndirib.

61 yaşlı Berdymukhammedov Türkmənistana avtokrat sələfi Saparmurat Niyazov 2006-cı ildə vəfat edəndən bəri prezidentlik edir.

Hökumətin tənqidçiləri və insan haqları qrupları Türkmənistanda insan haqlarının kobud şəkildə pozulduğunu və fərqli düşüncənin boğulduğunu deyirlər.

Buna da bax: 'Xaricə taxıl satan' Türkmənistanda ərzaq qıtlığı var

Bu ilin yanvarında Berdymukhammedov yeganə oğlunu İran və Əfqanıstanla həmsərhəd Ahal rayonunda qubernator müavini təyin etmişdi.

Bundan əvvəl o xarici işlər nazirinin müavini təyin olunmuşdu.

Daha əvvəl isə oğul Berdymukhammedov Xarici İşlər Nazirliyində çalışmış və ölkənin həyatında heç bir əhəmiyyətli rol oynamayan parlamentin üzvü olmuşdu.

Serdar Berdymukhammedov habelə Türkmənistan XİN-də informasiya şöbəsinin müdiri idi.

Berdymukhammedov-un yeganə oğlundan başqa, üç qızı da var.