Türkmənistan prezidentinin ‘igidlik’ kliplərinin kiçik sirləri

Arxadağ at belində

Türkmənistan dövlət telekanalına bircə dəfə baxmaq kifayətdir ki, Gurbanguly Berdymukhammedov-un prezidentdən başqa həm də tüfəng dolduran, bıçaq atan, atçapan bir igid olduğunu anlayasan.

Türkmənistanın Altın Asır TV kanalında efirə verilmiş daha bir videoklip onun yeni igidliklərindən bəhs edir. Bu klipdə Berdymukhammedov at belindən yox, velosipedin təkindən hədəflərə “sərrast” atəş açır:

AzadlıqRadiosunun müxbiri yazır ki, Berdymukhammedov-un hərəkətlərində bir aktyorluq var və bu heç də onun yaxşı bir aktyor olduğu anlamına gəlmir.

Onu videokliplərdə təkcə at oynadan qəhrəman kimi yox, həm də musiqi alətlərində çalan, mahnı oxuyan sənətçi kimi görmək olar. Amma bir az da diqqətli baxılsa, piano çalan prezidentin videoda gah ifadəli üzünün, gah da barmaqlarının hərəkətlərini görmək olar. Bunların hər ikisi eyni kadrda görünmür və barmaqlar prezidentinki olmaya da bilər. Hər halda belə bir ehtimal var.

Onun bu yaxınlarda çəkilmiş Rembo klipində də belə “incəliklər” var. Kadrlarda gah nişan alan prezidenti, gah silahın lüləsini, gah da hədəfdə açılmış deşikləri görürük.

Özünü xalqın arxası – Arxadağ adlandırılmasını tələb edən Berdymukhammedov-un “yaradıcılığı” o qədər rəngarəngdir ki, bu Qaraqum dəliqanlısının növbəti dəfə hansı “qəhrəmanlığı” göstərəcəyini təsəvvür edə bilmirsən.

Hərçənd onun kliplərinə düşməyən bir epizod da var:

Türkmənistanda elan edilmiş Xöşbəxtlik və Firavanlıq Əsrində prezidentin təhlükəsizliyinə elə bir hədə yoxdur.

O, belə görünür ki, əsas təhlükəni ölkə xaricindən gözləyir. Bəlkə elə buna görədir ki, dövlət televiziyasında prezidenti tez-tez ölkə sərhədlərinə baş çəkən görmək olar.

2016-cı il, martın 31-də Altın Asır telekanalı Berdymukhammedov-u İran sərhədindəki Səraxs postuna baş çəkərkən göstərib.

2017-ci ilin yanvarında onu Türkmənbaşı şəhərindəki Xəzər dəniz sərhədi postunda görürük. O burada adı “təsadüfən” Arxadağ olan hərbi gəminin açılışında iştirak edib.

Eyni ildə prezident Xəzər sahilindəki Avaza postuna helikopterlə səfər edib. Burada qoşunların hazırlığını yoxlayandan sonra ali baş komandan dərə-təpə aşan cip avtomobilinə minərək səhra boyu çapıb.

Berdymukhammedov-u Qazaxıstan və Özbəkistan sərhədlərinə baş çəkərkən görən olmayıb. Yəqin oralarda sakitçilikdir.

AzadlıqRadiosu müxbirinin yazdığına görə ölkənin bir sərhədi də var ki, prezident oralara çox da can atmır. Bu, Əfqanıstanla sərhəddir. Amma o burada da 2018-ci ilin fevralında hər halda olub.

Bu sərhəddə 2014-cü ilin fevralında üç türkmən sərhədçi öldürülüb. Əfqanıstan sərhədinin başqa sektorunda elə həmin il daha üç əsgər həlak olub. Elə günü bü gün də Əfqanıstan sərhədinin üzərindən türkmən torpağına ara-sıra güllə, mərmi düşür.

Buna da bax: Türkmənistan prezidenti yenə imic dəyişir

Arxadağ 2018-ci ildə Əfqanıstan sərhədindəki Serhetabat postuna baş çəksə də, tək olmayıb.

Həmin ilin fevralında burada Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəmərinin (TAPİ) seqmentlərinin birləşdirilməsi mərasimi keçirilirdi və bu mərasimdə adı çəkilən bütün ölkələrin başçıları iştirak edirdilər.

Həmin mərasim günündə sərhəd boyunca güclü təhlükəsizlik tədbirləri görülmüşdü.

Bu da məlumdur ki, Berdymukhammedov-un göründüyü bütün yerlərdə çəkilmiş videokliplərdə görünməyən bir də təhlükəsizlik tədbirləridir.

Təhlükəsizlik qüvvələri həm də bu kliplərin qüsursuz alınmasında xüsusi rol oynayır.

Məsələn, elə həmin o “velosiped atıcılığı” klipinin 28-ci saniyəsində prezidentin hədəfi vura bilmədiyi aşkar görünür, amma...hədəf aşır.