Bəxtiyar Hacıyevin polislə çəkişməsi məhkəmədə davam edir (Yenilənib)

Sizin brauzer HTML5-i dəstəkləmir

Bəxtiyar Hacıyev xırda xuliqanlıqda ittiham olunur.

MƏHKƏMƏ 2 GÜN DAVAM EDİR

Bəxtiyar Hacıyevin məhkəməsi avqustun 16-na kimi təxirə salınıb. Bu barədə onun vəkili Cavad Cavadov məlumat yayıb:

“Məhkəmə Bəxtiyar Hacıyevin işi üzrə müdafiə tərəfinin vəsatətini təmin etdi. Kamera görüntülərinin tələb edilməsi barədə qərar qəbul etdi, məhkəmə sabaha qaldı.”

Proses avqustun 16-da saat 16-da Yasamal Rayon Məhkəməsində davam edəcək.

***​

İCTİMAİ FƏAL XULUQANLIQDA İTTİHAM EDİLİR

Bəxtiyar Hacıyev xırda xuliqanlıqda ittiham olunur. Bu haqda özü AzadlıqRadiosuna məlumat verib. "Hazırda məni 510-cu maddəylə məhkməyə göndəririlər", - Hacıyev söyləyib. O baş verənlərə az sonra münasibət bildiriəcyini deyib: "İndi sənədi imzalamalıyam".

Bu ittihamla o, 50 manatdan 100 manatadək məbləğdə cərimə, ya da 15 günədək müddətə inzibati həbs oluna bilər.

***

Sizin brauzer HTML5-i dəstəkləmir

Bəxtiyar Hacıyev polis bölməsində olarkən AzadlıqRadiosu ilə danışır


“Sadəcə olaraq bu elə həddə gəlib çatıb ki, mən ya ölkəni tərk etməliyəm, ya da... Başqa yol tapa bilmirəm. Bir neçə gün ərzində bir qurum əgər israrla hər addımbaşı problem yaradırsa, bu, təsadüf deyil.”

Avqustun 15-də Bakıda saxlanaraq polis idarəsinə aparılan (ətraflı burada oxuyun) ictimai fəal Bəxtiyar Hacıyev elə bölmədə olarkən AzadlıqRadiosunun suallarını cavablandırıb:

– Nəylə bağlı saxlayıblar sizi?
– Mən bir aya yaxındır Avropadaydım. Üç-dörd gündür qayıtmışam. Qayıdan kimi də hər addımbaşı yol polisi ilə problem yaranırdı. Maksimum şəkildə çalışırdım bunu həll edim. Dünən bir yol polisi ilə mübahisəmiz oldu. O maşına oturdu, sonra söyüş söyüb qaçdı.

Bu gün təsadüfən qarşılaşanda yaxınlaşdım ki, “dünən niyə söyüş söyüb qaçırdınız?” Maşından düşdü və başladı yumruq atmağa, məni təhqir etməyə. Sonra post patrul xidmətini çağırdı və məni 27-ci polis bölməsinə gətirdilər. Burda da mənə yumruq atır, müxtəlif yollarla təxribata çəkirdilər. Bunlar da hamısı 27-ci polis bölməsindəki kameraların qarşısında baş verib.

– Sizcə, məqsəd nədir?
– Mən bilmirəm. Sadəcə olaraq, bu, elə həddə gəlib çatıb ki, mən ya ölkəni tərk etməliyəm, ya da... Başqa yol tapa bilmirəm. Bir neçə gün ərzində bir qurum əgər israrla hər addımbaşı problem yaradırsa, bu, təsadüf deyil. Mən bir ay ərzində Avropada 15-dən çox ölkədə avtomobildən istifadə etdim, problem olmadı. Amma dörd gündə bu qurumun əməkdaşları tərəfindən dəfələrlə problemlə üzləşirəmsə, düşünürəm ki, bu, mənim Dövlət Yol Polisində olan problemlərlə bağlı yazdığım statuslarla bağlıdır.

– Siz nə yazmışdınız orda?
– Avropadan qayıtdıqdan sonra DYP-nin vətəndaşlara problem yaratmasından yazmışdım, bununla bağlı ölkə başçısına müraciət etmişdim, Avropada yol polisi ilə Azərbaycandakı yol polisinin müqayisəsini apardım. Bundan sonra da problemlər başlayıb. İlk iki insident baş verəndə mən bunu ictimailəşdirmədim, amma artıq bu gün fiziki güc tətbiq edilər, paltarımı dartıb cırır, yumruqlayırdılar, maksimum çalışırdılar ki, onlara cavab qaytarım.

– Bəs, indi neynirsiz?
– Polis bölməsindəyəm. Yol polisləri gəlib raport yazıblar və indi sənədləşdirmə gedir.

Hələlik bu hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin hər hansı reaksiyası səslənməyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ehsan Zahidov günün ikinci yarısında B.Hacıyevin saxlanması ilə bağlı bilgi verə biləcəyini deyib.

Harvard Universiteti məzunu olan Bəxtiyar Hacıyev 2011-ci ilin martında saxlanmışdı. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.

B.Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.