Cəbhəçi Fizika İnstitutundan xaric edilib

B.İmanov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha bir üzvü işdən çıxarılıb. Söhbət Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda işləyən, AXCP Rəyasət Heyətinin yeni üzvü Bəxtiyar İmanovdan gedir. O, 2002-ci ildən bu institutun əməkdaşı olub.

B.İmanov Azadlıq Radiosuna bildirib ki, 2016-cı ildən ona təzyiqlər başlayıb. O, daha sonra son proseslərə toxunub: «Məni Akademiyanın işlər müdiri qəbul edib, konkret olaraq tutduğum mövqedən geri çəkilməsəm, işdən azad ediləcəyimi bildirilib. Hamı bilirdi ki, mən AXCP üzvüyəm və mitinqlərin təşkilində iştirak edirəm...».

AMEA Fizika İnstitutu: «Əmək intizamını pozduğuna görə...»

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutundan isə «Turan» agentliyinə B.İmanovun işdən çıxarılmasını heç də siyasi amillərlə izah etməyiblər:

«Bəxtiyar İmanov siyasi fəaliyyətinə görə yox, əmək intizamını pozduğuna görə işdən azad edilib», - deyə institutun kadrlar şöbəsindən bildiriblər.

Sizin brauzer HTML5-i dəstəkləmir

Müxalifətin aksiyasına gedənin işdən çıxarılmasına münasibətiniz necədir?

Oradan bildirildiyinə görə B.İmanov Əmək Məcəlləsinin 72-ci maddəsinin tələblərini pozub: «İşə davamlı gəlməyib, əmək funksiyasını, vəzifələrini yerinə yetirməyib. Rəhbərliyin əmriylə mart ayının 28-də işdən azad edilib».

B.İmanov isə institutun izahatını əsassız sayıb. O deyib ki, məqsəd onu bir bəhanəylə işdən çıxarmaq olub: «Mənim Əmək Məcəlləsinin 72-ci maddəsinin tələblərini pozduğuma görə işdən azad olunmağım barədə açıqlama əsassızdır. Yəni, Əmək Məcəlləsinin 72-ci maddəsi olmasa idi, bir başqa maddə tapacaqdılar. Tutaq ki, institutun dəhlizində kimisə söyməyim adı ilə azad edəcəkdilər».

B.İmanovun bundan əvvəl qardaşının işlədiyi peşə təhsili məktəbindən, bacısının isə 12 il dərs dediyi orta məktəbdən uzaqlaşdırıldığı bildirilir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Müxalifətin 31 mart mitinqi [Yekun video]

Martın 31-də Milli Şura və Müsavat Partiyası Bakıda şəhər rəhbərliyi ilə razılaşdırılmış qaydada «Talana son», «Korrupsiyaya son», «Azad seçki» şüarları ilə aksiya keçirib. Aksiyada həmçinin, 31 mart qırğınlarını pisləyən şüarlar səsləndiriblər.

AXCP sədri Əli Kərimli deyib ki, aksiyanın təşkilatçılarından üç gənc inzibati qaydada həbs edilib. Gənclər polisin qanuni tələbinə əməl etməməkdə günahlandırılıb. AXCP ittihamları qurama sayır.

Xatırlatma

Müxalifətin bundan əvvəl də keçirdiyi mitinqlərlə bağlı onlarla fəalın işdən çıxarıldığı açıqlanıb. Hərçənd, onların çalışdığı qurumların rəhbərliyi bunun siyasi amillərlə izah edilməsi ilə razılaşmayıblar. Hətta bu məsələlərlə bağlı hələ də bəzi şikayətlər məhkəmədədir.

Ötən il isə AXCP Neftçala rayon təşkilatının sədri və onun xanımı məhkəmə yolu ilə işlədikləri orta məktəbə qayıdıblar. Onlar da əmək intizamını pozmaqda ittiham edilərək işdən çıxarılmışdılar.