İyulun 7-də Azərbaycan ağırlıqqaldırmasına ikiqat zərbə dəyib. Daha bir idmançısında dopinq tapılıb. Ümumdünya Antidopinq Agentliyi (WADA) isə hədələyib ki, bu ölkənin qurumun tələblərinə əməl etməməsinə dair qərar çıxarıla bilər. Bunu «Inside the games» saytında Nick Butler yazır.
4 LİSENZİYA GERİ ALINIB
Dünən Beynəlxalq Ağırlıqqaldırma Federasiyası bildirib ki, 62 kiloqram çəki dərəcəsində Sərdar Həsənovda qadağan olunmuş deqidroxlorometiltestosteron aşkarlanıb. Pekin olimpiadasında yarışdan uzaqlaşandan sonra ondan götürülmüş nümunələr müsbət nəticələr verib. Türkiyənin gümüş medalçısı Sibel Özkan və Ermənistanın bürünc medal almış idmançısı Tigran Martirosyan da bu sıradadır.
Həsənovdan öncə azərbaycanlı ağırlıqqaldıranlar İntiqam Zairov və Boyanka Kostova-da dopinq tapılıb. Bu hallar Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rəsmən təsdiqlənən kimi Azərbaycan ağırlıqqaldıranları da Belarus, Qazaxıstan və Rusiya kimi Rio Olimpiadasına buraxılmayacaq.
Azərbaycan artıq olimpiadaya 4 lisenziyadan məhrum edilib.
Yazıda vurğulanır ki, ötən həftə WADA və Azərbaycan rəsmiləri görüşüblər. WADA daha sonra bildirib ki, onlara bəzi təminatlar verilib, amma «öncəki hesabatlarda irəli sürülən bir sıra tövsiyələr yerinə yetirilməyib».
BELƏ GETSƏ...
Eyni narahatlığı Beynəlxalq Avarçəkmə Federasiyası da qaldırıb. Qurum Azərbaycan federasiyasının ötən il boyunca cəmi iki dopinq testi apardığını aşkarlayıb. «Inside the Games» saytı Azərbaycan rəsmilərinə istinadla yazıb ki, ötənilki büdcə birinci Avropa Oyunlarına xərcləndiyindən test keçirməyə pul qalmayıb. Amma sonradan rəsmilər AzadlıqRadiosuna açıqlamalarında vəsait çatışmazlığı barədə deyilənləri təkzib ediblər.
«AZADA- Azərbaycan Antidopinq Agentliyi ilə görüşdə rəsmilər ölkənin antidopinq fəaliyyəti barədə detallı informasiya verdilər», - WADA-nın sözçüsü deyib. «Azərbaycan antidopinq proqramı üzrə irəliləyiş əldə etdiyini bildirsə də, işlərin sürətindən narahatıq».
Sözçü qeyd edib ki, əvvəlki tövsiyələrə əməl olunmayıb və agentlik irəliləyiş olmadığını müşahidə etsə, WADA tələblərinə necə əməl olunması üzrə müstəqil proses başlada bilər.
«İndi atletlər bərabər oyun meydanına təminat almağa çalışırlar. Azərbaycan kimi idman ambisiyaları olan bir ölkə təmiz atletlərin hüquqlarını qoruyan və idmanın bütövlüyünü saxlayan səmərəli tədbirlər həyata keçirdiyini nümayiş etdirməlidir».
İCLAS NOYABRDA OLACAQ
WADA-nın qaydalarına əməl olunmaması barədə qərar, adətən, agentliyin heyət iclasında çıxarılır. Növbəti iclas noyabrın 20-də Qlazqo şəhərində baş tutacaq.
Müəllif yada salır ki, hazırda Keniya və Rusiya tələbləri pozduqlarına görə Rio olimpiadası öncəsi xüsusi əlavə testə məruz qalıblar.
Azərbaycan 2012-ci il London olimpiadasında iki qızıl, iki gümüş və altı bürünc medal qazanıb. Bakıdakı Avropa Oyunlarında isə 21 qızıl, 15 gümüş və 20 bürünc medalla medal cədvəlində ikinci yeri tutub.
2013-cü ildə 18 ağırlıqqaldıranda qadağan olunmuş maddə aşkarlanıb. 2012-ci il olimpiadasının bürünc medalçısı Valentin Hristov da həmin siyahıdadır.
Müəllif qadağa qoyulmuş digər idmançıların adlarını da sadalayır.
«MƏSULİYYƏTİ DƏRK EDİRLƏR»
«Inside the games» Azərbaycanın Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyindən şərh ala bilməyib. Amma Avarçəkmə və Kanoy Federasiyasının texniki direktoru Leyla Əliyeva sayta deyib ki, «atletlərimiz ədalətli yarışma məsuliyyətini tamamilə dərk edirlər».
«Federasiyalara gərəkən maliyyə ayrılan kimi bütün testlərdən keçməyə hazırdırlar. Nəzərə alın ki, hər il onlar beynəlxalq yarışlarda WADA tərəfindən azı bir dopinq-testdən keçiblər və nəticələr heç vaxt müsbət olmayıb», - Leyla Əliyeva deyib.
«The Associated Press» agentliyi isə yazır ki, Azərbaycanın Ağırlıqqaldırma Federasiyası məhkəməyə müraciət etmək qərarında israrlıdır. Federasiya bəyanatında bildirib ki, xarici vəkillərlə işləyəcək, İdman Arbitraj Məhkəməsinə apellyasiya verəcək.