Azərbaycan Beynəlxalq Bankı İnvestisiya Holdinqinin idarəetməsinə verilib.
Bununla bağlı bu gün, sentyabrın 22-də prezident İlham Əliyev fərman imzalayıb.
Azərbaycan İnvestisiya Holdinqi 2020-ci ilin avqustunda prezidentin fərmanı ilə yaradılıb. Bu qurumun ölkə iqtisadiyyatının müasir çağırışlara cavab verməsi məqsədilə yaradıldığı açıqlanıb.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və bir çox dövlət qurumları da onun idarəetməsinə verilib.
Bu gün, sentyabrın 22-də Azərbaycan Beynəlxalq Bankından başqa "Azər-Türk Bank" ASC və Dövlət Sığorta Şirkəti (Azərsığorta) də İnvestisiya Holdinqinin idarəetməsinə keçib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xatırlatma
Azərbaycan Beynəlxalq Bankı (ABB) 3.3 milyard dollar borcun restrukturizasiyasına nail olmaq məqsədilə 2017-ci il mayın 11-də Nyu-York məhkəməsinə müraciət etmişdi. Nəticədə Azərbaycan dövləti həmin borcu öz üzərinə götürdü.
Bu bankın keçmiş rəhbəri Cahangir Hacıyev isə 2015-ci ilin dekabrından həbs olunub. O, əvvəlcə mənimsəmə və vəzifəsindən sui-istifadə ittihamı ilə 15 il həbs cəzası almışdı. Sonra ona yenidən hökm oxunub. Bu dəfə əvvəlki cəzası da birləşdirilməklə 16 il 6 ay azadlıqdan məhrum edilib. C.Hacıyev bu dəfə Beynəlxalq Bankdan kredit kimi götürülmüş 4.7 milyard manatı mənimsəmədə təqsirli bilinib. O, ittihamları qəbul etmir.