«Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkünlərin yaşadıqları qəsəbələrdə iğtişaş yox, elektrikin verilməməsinə etiraz olub».
Dekabrın 22-də Cəbrayıldan olan məcburi köçkünlərin keçirdiyi etiraz aksiyasından sonra barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilən Ülvi Quliyevin atası Məhəmməd Quliyev belə deyib.
M.Quliyev nəql edib ki, elektrik enerjisinin tez-tez kəsilməsi narazılığa səbəb olub. «Qəsəbə sakinlərini 7-ci qəsəbədəki zala topladılar ki, daha elektrik kəsilməyəcək. Amma toplantının başlanmasına az qalmış işıqlar yenidən kəsildi, bu isə etirazları daha da gücləndirdi», - o qeyd edib.
CAMAATIN ÜSTÜNƏ MAŞIN SÜRDÜLƏR...
Onun deməsinə görə, sakinlər zaldan çıxdıqdan sonra avtomobili camaatın üzərinə sürüblər. Həmin avtomobili də buna görə insanlar daş-qalaq edib: «Həmin avtomobil xidməti deyildi. Hadisələr iğtişaş olsaydı, polis maşınlarına da ziyan dəyərdi, amma xalq bu avtomobillərə toxunmayıb».
Buna da bax-'Çəlimsiz uşaqdır, nə canı var, polisə də neyləyə?'
Onun fikrincə, etirazın genişlənməsində polis əməkdaşlarının davranışı da az rol oynamayıb. «Polisin insanlarla qaba davranışı, nalayiq ifadələri hadisələri bir az da qızışdırdı», - o bildirib.
M.Quliyev ətraf rayonlardan polis qüvvələri çağrılmasını əsassız hesab edir. Onun fikrincə, bunda məqsəd həbslərə haqq qazandırmaq olub.
O, rayon icra hakimiyyətinin daşa basılmasından da danışıb. «Bu, bir müəmma idi. Başqa vaxt icra hakimiyyətinin həndəvərində bir daş belə tapa bilmirsən. Amma hadisələr zamanı orada bir yük maşınının həcmi qədər yumru daşlar vardı. Elə bil, kimsə qəsdən qızışdırıcılıq edirdi».
İÇKİLİ, NƏŞƏLİYDİLƏRSƏ, ŞAHVERDİYEVİN RƏİS QARDAŞI OĞLU HARA BAXIR?
M.Quliyev deputat Astan Şahverdiyevin aksiyada iştirak edənləri «içkili, nəşəxor» adlandırmasını da qınayıb və onu yalan danışmaqda suçlayıb.
«Əvvəla, aksiyada heç kəs içkili və ya nəşəli olmayıb. İkincisi, bir anlıq təsəvvür edək ki, A.Şahverdiyev düz deyir. Onda sual yaranır ki, Cəbrayıl rayonunun polis rəisi olan Astan Şahverdiyevin qardaşı oğlu hara baxır?».
Buna da bax-Biləsuvarda saxlanılanın anası: 'Qorxmuram. Balamı günahsız tutublar çünki'
M.Quliyev sakinlərin etirazları barədə deputatın dediklərini əsassız sayaraq, həbs edilənlərə verilən ittihamları «uydurma» adlandırıb.
XATIRLATMA
Dekabrın 22-də Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkünlər yaşadıqları qəsəbələrə verilən elektrik enerjisinin kəsilməsinə görə etiraz aksiyası keçirib.
Aksiyadan sonra - dekabrın 23-də Cəlal Quliyev, Zaur Feyruzlu, Gülağa Alməmmədov saxlanılıb və onların barəsində hakimiyyət nümayəndəsinə müqavimət göstərmək, iğtişaşlar törətmək, başqasının əmlakına qəsdən ziyan vurmaq maddəsilə ittiham irəli sürülüb.
Dekabrın 24-də isə qəsəbə sakinləri Ülvi Quliyev və İlkin İsgəndərov eyni ittihamla həbs edilib.
Sakinlərin deməsinə görə, başqa saxlananlar da olub, ancaq sonradan onlar sərbəst buraxılıb.