Biləsuvar fermerləri pambıq əkməyə peşman olub

Sizin brauzer HTML5-i dəstəkləmir

Ağ qızılın qara dərdi

«Dövlət başçısının pambıqçılığın inkişafına göstərdiyi qayğı və diqqətdən ruhlanan əkinçilər bu il 27 min tondan çox pambıq istehsal etməyi qarşılarına məqsəd qoyublar. Bu da öz növbəsində 22 min iş yeri, 10 milyon manata yaxın gəlir, 3 milyon manatadək subsidiya deməkdir».

AZƏRTAC-ın xəbərinə görə, bu sözləri Biləsuvar Rayon İcra Hakimiyyətindən deyiblər.

Biləsuvardan olan əkinçilər təsdiqləyir ki, həqiqətən dövlət başçısının çağırışından ruhlanıblar. Pambıqçılığın ölkədə prioritet sahə elan olunduğuna ümid bəsləyərək, necə deyərlər, əllərini çırmayıb bu işə girişiblər. Amma son günlər havaların isti və quraq keçməsi ilə yanaşı, əkinlərin suvarma suyu ilə təminatında yaranan problem onları çətin vəziyyətə salıb. Pambıq yetişdirən bəzi fermerlər hazırda bol məhsul və qazanc barədə yox, zərərdən necə çıxacaqlarını düşünürlər.

«SUYUN BAŞINDA VƏZİFƏLİLƏR DAYANIB»

Biləsuvar rayonunun İsmətli kəndində yaşayan Bəyzadə Abbasov deyir ki, əvvəllər heç vaxt pambıq əkməyib:

***Buna da bax-11 yaşlı İntizar gündə ən çox 50 qəpiklik pambıq yığır

«Prezidentin müraciətindən sonra bu işə girişdim. 15 hektar torpağı icarəyə götürmüşəm. Əkinin yarısını iki dəfə, qalan hissəsini isə bir dəfə suvara bilmişəm. Kimin vəzifəsi, adamı var, suyu onun sahəsinə verirlər. Gözümün qabağında pambıq yanır-yarpağı solur, gülü, qozası tökülür. Kasıb-kusubun əkini də, özü də beləcə batıb gedir».

İxtiyar Ağayev

Həmin kəndə 4.5 hektarlıq pay torpağında pambıq əkən İxtiyar Ağayev də bildirir ki, suvarma suyu, əsasən, iri şirkətlərin və rayonun vəzifəli şəxslərinin əkin sahələrinə verilir:

«Əslində, bizim kimi sadə adamlar çox az pambıq əkib. 11 min hektar kimi təqdim olunan əkinin əsas hissəsi rayonun vəzifəli şəxslərinin yerləridir. Hərəsinin də öhdəsində yüz hektarlarla sahə var. Suyun da başında bu adamlar dayanıb».

«SU VERƏ BİLMƏYƏCƏKDİLƏRSƏ, NİYƏ BİZƏ PAMBIQ ƏKDİRİRDİLƏR?»

İxtiyar Ağayev deyir ki, Suvarma Sistemləri İdarəsində və icra hakimiyyətində dəfələrlə qəbulda olub:

***Buna da bax- Nazirlik: 'Sovet dövrü deyil ki... onları məcbur edən yoxdur, özləri gedirlər'

«İcra başçısı su ilə bağlı şikayətə gələnləri qəbul etmir. Müavini Xanlar Məmmədov vəd vermişdi ki, vəziyyətlə yerində tanış olacaq, amma gəlib çıxmır. Su idarəsinin müdirinə də imkan vermirlər ki, olan suyu proporsional qaydada bölsün. Ümumiyyətlə, su verə bilməyəcəkdilərsə, niyə bizə pambıq əkdirirdilər?».

Rayonun Aranlı kəndinin sakini Həsənəli İbayev isə artıq zərər barədə düşünür:

«25 hektar torpaq sahəsini icarəyə götürmüşəm. Hər hektara görə 100 manatdan hesablayanda, təkcə icarə haqqı 2 min 500 manat edir. Toxum almaq və becərmə işləri aparmaq üçün 17 min manat da bankdan kredit götürmüşəm. Bu pulları kim ödəyəcək? Su verə bilmirlər, gəlib əkinlərə baxış keçirsinlər, akt tərtib etsinlər...».

RƏSMİLƏRİN TELEFONU SUSUR, PROQNOZLARI İSƏ...

Doğrudanmı mövcud su ehtiyatı əkinlərin təminatını ödəyə bilmir, yoxsa bu iş yarıtmaz təşkil olunub? Yanmaqda olan əkinləri xilas etmək mümkün olacaqmı?

Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Xanlar Məmmədov suallarımızı axıradək səsləndirməyə imkan verməyib dərhal dəstəyi asdı. Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayev isə davamlı zənglərimizə cavab vermədi. İdarənin əməkdaşı bildirildi ki, Kənd Təsərrüfatı Nazirliyindən nümayəndə var, rəis onu müşayiət edir.

Biləsuvar Rayon İcra Hakimiyyətinin yaydığı məlumata görə, ötən il rayonda 6 min 40 hektar sahədə pambıq əkilib və 12 min ton məhsul istehsal olunub. Məhsuldarlıq orta hesabla 20 sentnerdən də az olub. Mütəxəssislər hesab edirlər ki, bu göstəricilərlə pambıq əkinindən bir elə xeyir götürmək mümkün deyil. Beləcə, anomal istilərin və susuzluğun davam etməsi bu il əkinlərin bir hissəsini məhsul yetişməmiş yandıra bilər. Nəticədə həm iş yerlərinin sayı, həm gəlirlər və həm də subsidiyalarla bağlı proqnozlar özünü doğrultmaya bilər...