Binəqədi-Novxanı yolunda çökmə

Binəqədi- Novxanı yolunda çökmə, 28 sentyabr 2019

Binəqədi-Novxanı avtomobil yolunun hərəkət hissəsi çöküb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətindən məlumat verilib.

Qurumdan bildirilib ki, çökmənin səbəbi "Azərsu" Açıq Səhimdar Cəmiyyətinə (ASC) məxsus su borusunda qəzanın baş verməsidir.

"Qəzanın nəticəsində sözügüdən yolun hərəkət hissəsi 5 metr diametrində çöküb. Ərazi nəzarətə götürülüb, hərəkətin təhlükəsizliyinin təmin olunması üçün işlər aparılıb",AAYDA-dan bildiriblər.

“Turan” agentliyinin xəbərinə görə, "Azərsu" ASC-dən də həmin məlumatı təsdiqləyərək, bildiriblər ki, qəzanın aradan qaldırılması üçün əraziyə qurumun əməkdaşları və texnikası cəlb olunub. Hazırda qəzanın aradan qaldırılmasından ötrü təmir-bərpa işlərinin aparıldığı bildirilir.

Çökən yol bərpa edilir, 28 sentyabr 2019

Bu, Binəqədi-Novxanı yolunda ilk çokmə hadisəsi deyil. Bundan 2 il öncə bu yolun 11-ci kilometrində də çökmə hadisəsi qeydə alınmışdı.

Onda “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilmişdi ki, çökmə yolun təqribən 3-4 metr enində olan hissəni əhatə edir.

“Yolun çökən hissəsinin dərinliyi 5-6 santimetrdir.Çökməyə səbəb yolun əsaslı şəkildə yenidən qurulmasından öncə aidiyyəti qurum tərəfindən çəkilmiş yeni su borusunun partlamasıdır. Nəticədə su yol yatağını yuyaraq yol əsasının çökməsinə gətirib çıxarıb. Çökmə hadisəsi nəticəsində avtomobil yolunun çiyin hissəsi də tamamilə sıradan çıxıb”, qurumdan qeyd etmişdilər.

Elə bu çökmədən təqribən bir neçə həfət əvvəl 2017-ci ilin avqustun 2-də prezident İlham Əliyev yenidən təmir edilən Binəqədi-Novxanı-Corat yolunun açılışında iştirak etmişdi.

Xatırlatma

Azərbaycanda təmir edilən və yeni qurulan yollarda çökmə hadisələri başqa ərazilərdə də baş verib. Ekspertlər bunu əsasən təmir işlərinin bəzən tələsik, keyfiyyətsiz və şəffaf aparılmaması, korrpsiya hallarına yol verilməsi ilə izah edirlər. Hərçənd, rəsmilər ölkədə korrupsiya ilə ciddi mübarizə aparıldığını vurğulayırlar.