Prezident İlham Əliyev aprelin 12-də “Astara rayonunun Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatı haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, Astara rayonunun Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 1,5 milyon manat ayrılıb.
Astara rayonun Sekaşan kəndində düz 23 ildir elektrikin olmadığı bildirilirdi. AzadlıqRadiosu bu illər ərzində bu kənddən dəfələrlə reportaj və xəbərlər hazırlayıb.
Həmin kənddə sakinlər işıqdan başqa,yol və qazın olmamasından da şikayətlənirlər.
Buna da bax: 23 ildir işıqsız qalan kəndə xoş xəbərBu kənddə hazırda 3-4 ailənin yaşadığı bildirilir. Sakinlərdən Əfqan Əliyev AzadlıqRadiosuna bir ay əvvəl bunları demişdi:
“Kənddə işıq olub.1996-cü ildə transformator xarab oldu, təmir üçün Səncərədi kəndinə apardılar. İndi də orda qalıb. Digər istiqamətdə 1 kilometr məsafədə Vəznəş kəndi var. Elektrik xətti oradan gəlirdi. Kənddə elektrik dirəkləri indi də qalıb. Xətti bərpa etmək mümkündür. Böyük bir xərc də istəmir. Dövlətimizin imkanı var”.
O, kəndin boşaldılmasını düzgün saymırdı:
“Sovet dövründə bu kənddə kolxoz olub. Varlı kənd hesab edilib. Kənddə çoxlu ailələr yaşayıb. Problemlər həll olunmadığına görə əhali 90-cı ilin əvvəllərində köçməyə başladı... İşıq və yol məsələsi həll olunsa, ailələrin çoxu öz kəndlərinə qayıdar”.
Səkəşan kəndi Şüvi ərazi vahidinə daxildir. Şüvi kənd icra nümayəndəsi Əbülfət Qüdrətov da demişdi ki, Səkəşan kəndinə elektrikin çəkilməsi nəzərdə tutulub:
“Regionların sosial-iqtisadi inkişafı ilə bağlı təsdiq edilmiş yeni proqramda Səkəşan kəndinə elektrik xəttinin çəkilməsi nəzərdə tutulub. Yol hazırda işləyir... Yayda yola əl gəzdiriləcək. Şübhəsiz ki, insanlar özlərinin dədə-baba yerlərinə qayıdacaqlar. Hərənin orada torpağı var”.
Bir müddət öncə “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin (ASC) mətbuat xidmətindən isə həmin kəndin sakinlərinin illərdir elektrikin olmaması ilə bağlı şikayətlərinə belə münasibət bildirmişdilər:
“Bizim bildiyimizə görə, orada bir neçə ailə qalır. Yayda yaylaqda olurlar, qışda kəndə gəlirlər. Bizə deyilənə görə, 3 və ya 4 ailə orada qalır. Digər tərəfdən, ora yol yoxdur. Yol infrastrukturu qurulmalıdır ki, elektrik xətləri çəkilsin. Bunun üçün meşələrin bir hissəsi qırılmalıdır...”
ASC-dən bildiriblər ki, bu məsələ layihəyə salınmalıdır ki, öz həllini tapsın.