'Azərbaycanla Ermənistanın düşmənçiliyə son qoyulmasına keçidi nümayiş etdirməsi zəruridir'

Azərbaycan prezidenti, Gürcüstan və Ermənistanın baş nazirləri, 18 fevral 2023, Münhen, Almaniya

"Azərbaycan və Ermənistanın uzun sürən qarşılıqlı nifrət və düşmənçiliyə son qoyulmasına keçidi nümayiş etdirməsi zəruridir."

"Azərtac" rəsmi dövlət agentliyi xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil olunan “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasda söyləyib.

Əliyev hazırda Ermənistanla Azərbaycan arasında sülh sazişi üzərində iş aparıldığını və tezliklə bunun yekunlaşdırıla biləcəyinə ümid etdiyini deyib.

"Mən hesab edirəm ki, bu, ciddi tarixi fikir ayrılıqları olan ölkələrin birgə toplaşmaq və düşmənçilik səhifəsini çevirmək üzrə yaxşı nümunə ola bilər."-Azərbaycan prezidenti bildirib.

lham Əliyev panel çıxışında “Dağlıq Qarabağ” ifadəsinin daha etibarlı olmadığını deyib.

O bu sözün rus dilindən gəldiyini, amma indi Azərbaycanda belə bir ərazi vahidinin olmadığını deyib.

"...Erməni əhalinin olduğu Azərbaycanın Qarabağ bölgəsi mövcuddur”-Əliyev bildirib.

İlham Əliyev Qarabağdakı erməni azlığın hüquq və təhlükəsizliyi ilə bağlı müzakirələrə Azərbaycanın hazır olduğunu vurğulayıb. O, həmçinin əlavə edib ki, lakin bu müzakirələr erməni icmasının Qarabağda doğulmuş, həyatı boyunca Qarabağda yaşamış nümayəndələri ilə aparılmalıdır, Qarabağda rəhbər vəzifə tutmaq üçün Rusiyadan ixrac edilmiş şəxslə deyil.

Əliyev müzakirəni aparan moderatorun suallarına cavab olaraq Laçın dəhlizinin bağlanması və Qarabağda yaşayan əhalinin blokadada qalması fikirinin də doğru olmadığını deyib.

Azərbaycan prezidentindən sonra danışan Ermənistanın baş naziri Nikol Paşinyan əvvəlcə Dağlıq Qarabağ ifadəsi ilə bağlı İlham Əliyevin səsləndirdiyi fikirlərlə razılaşmadığını bildirib. O qeyd edib ki, belə bir ifadə 2020-ci ildə İlham Əliyevin də imza atdığı üçtərəfli sazişdə yer alıb.

Daha sonra Paşinyan 70 gündür Laçın dəhlizinnin bağlandığını bildirib və əlavə edib ki, halbuki üçtərəfli sazişdə Azərbaycan tərəfinin və eləcə də Rusiya sülhməramlılarının laçın dəhlizini açıq saxlamaq öhdəliyi var.

"Amma təssüflər olsun ki, biz indi tam fərqli bir vəziyyətlə üz-üzəyik" - Paşinyan bildirib. Ermənistanın baş naziri Qarabağa elektrik və qaz təminatının kəsildiyini iddia edib. O, Laçın dəhlizinin bağlanmasına, bölgədə yaranmış vəziyyətə beynəlxalq ictimayyətin diqqət yetirməli olduğunu deyib.

İlham Əliyev isə dekabrın 12-dən bu günədək Qarabağa 2500 nəqliyyat vasitəsinin keçdiyini, o cümlədən Qırmızı Xaç Komitəsi tərəfindən də 100-dək pasiyentin Qarabağdan Ermənistana müalicəyə aparıldığını vurğulayıb.

"Əgər yol açıqdırsa, bunu necə blokada adlandırmaq olar?”-Əliyev sual edib.

Paşinyan demokratiyadan danışanda canlı yayım kəsilib, AzTV deyir bizlik deyil...

Paşinyanın çıxışı zamanı müxtəlif məsələlərə toxunub, o deyib ki, hətta dəhşətli müharibədən sonra ölkəsi üç dəfə demokratik, azad seçki keçirib, hansı ki, bu bütün dünyada sərbəst, azad və şəffaf seçkilər kimi tanınıb. O problemlərin həll yolunun demokratiya olduğunu deyib...

Amma bu zaman AzTV-də canlı yayım kəsilib və Ermənistanın baş nazirinin dediklərini sona qədər dinləmək mümkün olmayıb.

Sosial şəbəkələrdə Azərbaycan televiziyasının yayımı Paşinyanın demokratiya və azad seçki fikirlərinə görə, qəsdən kəsdiyi kimi iddialar səslənib. Amma bir qədər sonra AZTV-yə məxsus sosial şəbəkələrdə canlı yayımın tədbir təşkilatşlarının siqnalı kəsməsi səbəbindən dayandığı bildirilib.

"Panel iclasının geniş variantını ən qısa zamanda təqdim edəcəyik" -açıqlamada bildirilir.

Azadtutyun-un tədbirdən verdiyi məlumata görə, Paşinyan fikirlərini belə yekunlaşdırıb.

"...Və dediyim kimi, bizim nöqteyi-nəzərimizdən çıxış yolu demokratiyada, həll şəffaflıqda, həll dialoqda, həll bütün ölkələrə hörmətdədir. Və biz bu istiqamətdə işləməyə hazırıq”-Ermənistanın baş naziri bildirib.​

Hələki canlı yayımın kəsilməsi ilə bağlı məsələyə tədbir təşkilatçılarının mövqeyini öyrənmək mümkün olmayıb.

***

Blinken, Əliyev və Paşinyan görüşüblər

Azərbaycan prezidenti İlham Əliyev (sağ) Ermənistanın baş naziri Nikol Paşinyan (sol), ABŞ dövlət katibi Entoni Blinken, Münhendə üçtərəfli görüş, 18 fevral 2023-cü il

Fevralın 18-də Almaniyanın Münhen şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken və Ermənistan baş naziri Nikol Paşinyan arasında birgə görüşü olub.

Bu barədə rəsmi xəbər agentliyi olan Azərtac məlumat yayıb. Məlumatda qeyd olunur ki, Azərbaycan Prezidenti görüşün konstruktiv keçdiyini bildirib. O, sülh sazişinin imzalanması məsələsinə də münasibət bildirdiyini vurğulayıb.

"Əsas məsələ ondan ibarətdir ki, bu sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir"-Əliyev bildirib.

Dövlət başçısı bildirib ki, görüşdə iki ölkə arasında kommunikasiyaların açılması haqqında danışarkən o, Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələrinin yaradılmalı olduğunu bildirib .

"Dövlət katibi Blinkenin iştirakı ilə keçirilən görüşdə mən bunu rəsmən təklif kimi irəli sürdüm. Ermənistan tərəfindən cavab gözləyəcəyik."-bildirilir

Ermənistan tərəfi Laçın dəhlizində nəzarət-buraxılış məntəqələrinin quraşdırılmasını qəbuledilməz sayır və hesab edir ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda belə bir şeyin nəzərdə tutulmayıb. Yerevan bildirir ki, bu sənədə əsasən, Azərbaycan Rusiya sülhməramlılarının nəzarətində olan Laçın dəhlizi ilə Ermənistandan Dağlıq Qarabağa və geriyə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyinə zəmanət verir.

Ermənistan həm də bildirir ki, liderlərin üçtərəfli bəyanatlarında da “Zəngəzur dəhlizi” ifadəsi yoxdur.

Yerevanın mövqeyinə görə, söhbət Azərbaycanın digər ərazilərı ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin təmin edilməsindən gedir ki, bu da sənədə əsasən, Rusiya Federal Təhlükəsizlik Xidmətnin Sərhəd bölümünün nəzarətində olmalıdır.

Blinken görüşdən sonra proseslərdən məmnun olduğunu bildirir

Üçtərəfli görüşlə bağlı ABŞ Dövlət katibi Entoni Blinken tvitter səhifəsində məlumat paylaşıb. O, Azərbaycanla Ermənistan arasında sülh prosesinin yolunda getdiyini və iki tərəf arasında danışıqların davam etdiyini eşitməkdən məmnun olduğunu qeyd edib.

***

Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Entoni Blinken fevralın 18-i Almaniyanın Münhen şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

Görüş Münhendə keçirilən Təhlükəsizlik Konfransı çərçivəsində baş tutacaq.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, bu Antoni Blinken ilə Azərbaycan və Ermənistan liderlərinin oktyabrdan bəri ilk dəfə üçtərəfli görüşü olacaq.

Sizin brauzer HTML5-i dəstəkləmir

Paşinyan: "Sülh sazişinin yeni mətnini Azərbaycana verdik"

Azadtutyun-un yazdığına görə, Münhendə olan Ermənistanın baş naziri ATƏT-in baş katibi Helqa Şmidlə görüşüb.

"Ermənistanın baş nazir aparatının mətbuat xidmətinin məlumatına görə, Paşinyan Azərbaycanın Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhrana toxunub və problemi həll etmək üçün uzunmüddətli və ardıcıl addımların atılmasının vacibliyini vurğulayıb."-məlumatda vurğulanır

Bildirilir ki, tərəflər Avropa İttifaqının Ermənistandakı vətəndaş missiyasının fəaliyyətinə toxunub və onun sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcəyinə ümidvar olduqlarını bildiriblər.

Xatırlama

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bugünlərdə deyib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətnində Dağlıq Qarabağın adı çəkilir, amma bu, hələ yekun sənəd deyil.

Azərbaycan XİN isə bu açıqlamaya cavabında qeyd edib ki, danışıqlar prosesində “Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi üzrə beynəlxalq mexanizm yaradılması təşəbbüsü, bu barədə müddəanın ikitərəfli sülh sazişi layihəsinə daxil edilməsi səyləri əsassızdır” və bu kimi cəhdlərin heç bir nəticəsi olmayacaq.

Buna da bax: Paşinyan Qarabağ ətrafında hərbsizləşdirilmiş zona yaratmağı təklif edir

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.