ABŞ dövlət katibi Antoni Blinken (Antony Blinken) noyabrın 27-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə ayrı-ayrılıqda telefonla danışıb.
Blinken Əliyevin Azərbaycanla Ermənistan arasında davamlı və ləyaqətli sülh sazişinin bağlanmasına sadiqliyini alqışlayıb. Dövlət Departamentinin sözçüsü Metyu Millerin (Matthew Miller) adından yayılmış bəyanatda belə deyilir.
"Dövlət katibi bu uzunmüddətli münaqişənin azərbaycanlılara və ermənistanlılara eyni cür yaşatdığı əziyyəti anlayaraq sülhün regionda hər kəsə verəcəyi faydanı vurğulayıb. Dövlət katibi bizim Azərbaycanla davamlı münasibətimizi müzakirə edib, son vaxtlar münasibətlərdə narahatlıq doğuran məqamlara toxunub, həmçinin əməkdaşlığı, özəlliklə də sülh prosesi ilə bağlı möhkəmləndirmək imkanlarından danışıb, yüksək səviyyədə qarşılıqlı işin vacibliyini vurğulayıb", – açıqlamada vurğulanır.
+++
AZƏRTAC-ın xəbərinə görə, telefon söhbəti zamanı İ.Əliyev qeyd edib ki, ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar iki ölkənin münasibətlərinə ciddi zərər vurub.
"Dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayenin Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib", - xəbərdə vurğulanır.
Son bir neçə həftədə Azərbaycanda hökumətə yaxın mediada Qərbə, xüsusilə ABŞ-a qarşı məqalələr dərc olunur. ABŞ səfirliyi isə noyabrın 27-də Bakıda planlaşdırılan məzun görüşünü təxirə salıb. Bundan öncə yerli mediada Birləşmiş Ştatların həmin tədbiri əslində ölkədəki "agentura"sı ilə görüşmək məqsədilə keçirdiyi iddia olunurdu.
Blinken Paşinyana nə deyib
ABŞ dövlət katibi A.Blinken noyabrın 27-də Ermənistan baş naziri N.Paşinyan ilə telefon söhbətində də Birləşmiş Ştatların Ermənistanla Azərbaycan arasında davamlı və ləyaqətli sülh razılaşmasına nail olmaq səylərinə dəstəyini müzakirə edib.
"Dövlət katibi Birləşmiş Ştatların Ermənistanın suverenliyi və ərazi bütövlüyünə dəstəyinin davam etdiyini bir daha vurğulayıb, Ermənistanın çiçəklənən və demokratik gələcəyinə dəstəyimizi, ikitərəfli əməkdaşlığı gücləndirmək səylərimizi müzakirə edib", – M.Millerin adından yayılmış açıqlamada deyilir.
ABŞ diplomatı: "Tərəflər əks səmtə gedərsə..."
Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycanla Ermənistanın sülh əldə etməsinə real imkanın olduğunu düşünür. Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen (James O'Brien) noyabrın 27-də deyib. Amerikalı diplomat Belçikaya gözlənən səfərinə dair brifinqdə "Turan"ın müxbirinin sualını cavablandırıb.
"Tərəflərin bir-biri ilə birbaşa, eləcə də vasitəçilər vasitəsilə danışması bizi ruhlandırır. Buna görə də bütün regionun faydalana biləcəyi real fürsət görürük. Məsələn, Mərkəzi Asiyadan ticarət Azərbaycan və Ermənistan ərazisindən Türkiyəyə keçsə, bu, həmin ticarət marşrutu üzərindəki bütün ölkələr üçün əhəmiyyətli təkan olacaq. Biz bunun bir hissəsi olmaq fürsətini alqışlardıq", – diplomat bildirib.
"Eyni zamanda, bunun sülhdən kənar yollarla həyata keçirilməsinə qərar verilərsə, o zaman bu cür ticarət yolunun yaradılmasının qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə edəcəyik. Biz tərəflərə nəyi görmək istədiyimizi, əks səmtə getməyin nəticələrini aydın şəkildə izah etmişik", – o, sözlərinə əlavə edib.
2020-ci ildə Azərbaycanla Ermənistanın imzaladığı atəşkəs bəyanatında regionda kommunikasiyaların açılması, o cümlədən Azərbaycanın Naxçıvan eksklavına nəqliyyatın bərpası nəzərdə tutulur. Bəyanatın 9-cu maddəsində deyilir ki, Ermənistanda yerləşən Rusiya sərhədçiləri Naxçıvana, habelə geriyə insan və yüklərin hərəkətinə nəzarət edəcək. Mediada yayılan məlumatlara görə, Azərbaycan "Zəngəzur dəhlizi" dediyi bu nəqliyyat xəttinin Ermənistanın sərhəd nəzarətinə məruz qalmamasını tələb edir. Yerevan isə bunu dəfələrlə rədd edib, ərazisindən heç bir dövlətə dəhliz verilməyəcəyini bildirir.
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.
Ancaq tərəflər sülh sazişi imzalamayıb. Danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır.
Sentyabrın ortasında Qarabağa nəzarətin bərpa olunması ilə nəticələnən birgünlük əməliyyatdan sonra Azərbaycanla Ermənistan arasında Qərb platformasına danışıq baş tutmayıb.
Azərbaycan noyabrın 20-də xarici işlər nazirlərinin Vaşinqtonda planlaşdırılan görüşünə qatılmaqdan imtina edib. Bundan öncə Ceyms O'Brayen Konqresdə dinləmələrdə Azərbaycan Ermənistanla sülh sazişi imzalamazsa, onunla münasibətlərin əvvəlki kimi olmayacağını deyib.