Birləşmiş Millətlər Təşkilatının apardığı təhqiqatın yekun hesabatında deyilir ki, Suriya hökuməti və “onun müttəfiqləri” bir məktəbə, bir xəstəxanaya və iki başqa mülki obyektə hücumlara görə məsuliyyət daşıyırlar.
Beləliklə, hesabatda Suriya hökumətinin əsas hərbi sponsoru olan Rusiyanın adı konkret olaraq çəkilməyib.
İnsan haqları qrupları qısa icmalı aprelin 6-da açıqlanmış bu hesabatı kəskin tənqid edirlər.
Onlar bildirirlər ki, BMT öz təhqiqatatının çərçivəsini bir xeyli daraldıb.
Human Rights Watch beynəlxalq insan haqları təşkilatı Suriya ilə yanaşı onun əsas müttəfiqi olan Rusiyanın adını çəkməkdən yan keçən bu hesabatın “alayarımçıq” olduğunu bildirib.
İnsan haqları müdafiəçiləri çoxdan bəridir ki, Suriyada 9 illik vətəndaş müharibəsi zamanı törədilmiş hərbi cinayətlərin araşdırılmasını tələb edirdilər.
Buna da bax: BMT: Rusiya və Türkiyə Suriyada ‘bəlkə də’ hərbi cinayətlər törədib
Hesabat məxfidir
185 səhifəlik məxfi hesabatda deyilir ki, Suriyada 4 mülki obyekt – uşaq bağçası, xəstəxana, məktəb və poliklinika hədəflənib və “böyük bir ehtimalla” buna görə məsuliyyəti Suriya hökumət qüvvələri və onun müttəfiqləri daşımalıdır.
Sənəddə deyilir ki, ikinci səhiyyə müəssisəsinə hücumun da Suriya hökuməti və ya onun müttəfiqləri tərəfindən keçirildiyi “ağlabatan” görünür.
BMT baş katibi Antonio Guterres təhqiqatın aparılması üçün komissiyanı iki il bundan əvvəl təyin etmişdi.
Bu komissiya Suriyanın şimal-qərbində, 2018-ci ildə Rusiya və Türkiyə de-eskalasiya zonasının yaradılması barədə razılaşma imzalayandan sonra baş vermiş insidentləri araşdırmalı idi.
Bu komissiya təşkil ediləndə Rusiya hərbi cinayətlərə dair iddiaları “yalan” adlandırmışdı. Bu ittihamları Suriya hökuməti də rədd edirdi.
İnsan haqları qrupları Suriya hökumət qüvvələrinin törətdiyi genişmiqyaslı hərbi cinayətləri dəfələrlə pisləyiblər.
Bu qruplar törədilən cinayətlərdə Rusiyanın rolunun xüsusilə öyrənilməsinə çağırış edirdilər.
Buna da bax: Rusiya və Assad aviasiyasının zərbələrindən azı 40 nəfərin öldüyü xəbər verilir
The New York Times qəzetinin fərqli təhqiqatı
Rusiya 2015-ci ildə Suriya vətəndaş münaqişəsinə hərbi müdaxilə edəndə prezident Bashar al-Assadın taleyi tükdən asılı idi.
Lakin o vaxtdan bəri Dəməşq hökuməti Rusiya və İran qüvvələrinin dəstəyi ilə ölkənin əksər ərazisiniAssada müxalif olan birləşmələrdən təmizləyib.
Ölkənin şimal-qərbindəki İdlib qəzası hazırda islamçı qruplaşmaların və Suriya silahlı müxalifətinin son istehkamıdır.
Ötən il The New York Times Suriyada bilərəkdən hədəflənmiş mülki obyektlər barədə müfəssəl təhqiqat dərc etmişdi.
Bu hesabatda Rusiya pilotları arasında efir komminikasiyalarının səs yazısı də var idi.
Bu, Rusiyanın mülki xəstəxanalara hücumda birbaşa iştirak etdiyini göstərirdi.