Azərbaycanın BMT qurumları ilə əməkdaşlığında dəyişikliklər gözlənir

XİN-də görüş

Martın 3-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda BMT İnkişafı Əlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Qvi-Yop Sonu qəbul edərkən bu təşkilatın qurumları ilə yeni əməkdaşlıqdan bəhs edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirildiyinə görə, görüşdə vurğulanıb ki, Bakı BMT ilə əməkdaşlıqdakı prioritetlərini yeni dövrün reallıqlarına uyğun və onun resurslarından daha səmərəli istifadə edəcək şəkildə yenidən nəzərdən keçirir: "Bu xüsusda, bəzi BMT qurumları ilə bundan sonrakı tərəfdaşlığın milli prioritetlərə uyğun şəkildə layihə əsaslı əməkdaşlıq mexanizmi vasitəsilə davam etdiriləcəyi müqabil tərəfin diqqətinə çatdırılıb".

Əməkdaşlıqda yeni yanaşma "Azərbaycanın artıq yardım qəbul edən dövlətdən qlobal gündəliyə töhfə verən bir ölkəyə çevrilməsi" ilə əlaqəndirilib: "... BMT-nin Məskunlaşma Proqramı, BMT-nin Ətraf Mühit Proqramı, BMT-nin İqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Katibliyi... ilə əməkdaşlığın prioritet təşkil etməsi və bəzi BMT qurumları ilə də gələcək əməkdaşlığın bu model əsasında, birbaşa mənzil qərargahları ilə işləməklə davam etdiriləcəyi qeyd olunub".

Hələlik, bu açıqlamaya BMT-nin cavabdeh qurumlarının münasibəti bəlli deyil.

Xatırlama

Azərbaycan BMT-yə 33 il əvvəl, 1992-ci il martın 2-də qəbul edilib. Son günlər bəzi sosial şəbəkə istifadəçiləri BMT-nin bəzi qurumlarının Azərbaycandan çıxarılacağı ilə bağlı iddialardan bəhs etmişdilər. Amma belə iddialara Azərbaycanın rəsmi qurumlarından hər hansı münasibət bildirilməmişdi.