BMT Baş Assambleyası fevralın 23-də Ukraynada sülhə çağıran qətnaməni qəbul edib.
Almaniyanın hazırladığı qətnamə Ukraynada sülhün mümkün qədər tez bərqərar edilməsinə çağırır.
Xəbər verilir ki, qətnamənin leyhinə 141, əleyhinə 7 ölkə səs verib.
Sənədin əleyhinə səs verən ölkələr bunlar olub: Rusiya, Belarus, Şimali Koreya, Suriya, Mali, Eritrea və Nikaraqua.
Daha 32 ölkə səsvermədə bitərəf mövqe tutub. Bunların arasında Çin, Hindistan, Cənubi Afrika, Pakistan, Şri Lanka, habelə əsasən Afrika və Mərkəzi Asiyadan olan ölkələr var.
Bu da qeyd olunur ki, bu qətnamənin leyhinə və əleyhinə səs verənlərin nisbəti təxminən BMT Baş Assambleyasının bundan əvvəlki qətnaməsinin səsverməsindəki nisbətə yaxın olub.
Həmin qətnamədə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi pislənirdi.
Xəbər verilir ki, ötən səsvermədə bitərəf qalan Mali və Eritrea bu səsvermədə qətnamənin əleyhinə çıxış ediblər.
Azərbaycan bundan əvvəl Rusiya ilə bağlı dörd qətnaməyə səsvermə zamanı tutduğu mövqedə qalıb.
Daha doğrusu Azərbaycan da Burkina-Faso, Kamerun, Dominikan, Ekvatorial Qvineya, Esvatini, Grenada, Qvineya Bissau, Livan, Seneqal, Türkmənistan və Venesuela kimi səsvermədə ümumiyyətlə iştirak etməyib.
Gürcüstan qətnamənin leyhinə səs verib, Ermənistan isə İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan kimi bitərəf qalıb.
Baltik ölkələri və Türkiyə qətnamənin leyhinə səs veriblər.
Buna da bax: Haaqada Azərbaycan və Ermənistanın şikayətləri üzrə qərar çıxarılıbQətnamədə nələr var
Şərhçilər bildirirlər ki, qətnamənin mətni mümkün qədər çox ölkənin dəstəkləməsi üçün son dərəcə diqqətlə hazırlanıb.
Qətnamədə həm münaqişə tərəflərinə, həm də dünya birliyinə müharibəyə sülh yolu ilə son qoyulması üçün çağırış edilir, amma eyni zamanda Rusiyanın qoşunlarını Ukraynanın bütün ərazilərindən çıxarmalı olduğu bildirilir.
Sənəddə habelə Ukraynanın ərazi suları da daxil, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və birliyinə, sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunur.
Qətnamadə Rusiyadan bütün qoşunlarını və silahlı birləşmələrini Ukraynanın bütün ərazilərindən çıxarması və atəşi dayandırması tələb edilir.
Sənəddə sülhün və ya sülh danışıqlarının necə olması barədə detallara toxunulmur.
Qətnamə habelə müharibə canilərinin beynəlxalq mühakiməsinə çağırır.