Dünyanın bir çox yerlərində Afrika mənşəli adamlara qarşı sistematik irqçilik var. BMT-nin insan haqları üzrə ali komissarı Mişel Baçele iyunun 28-də qlobal hesabatda belə deyir. Hesabat ötən il Minneapolisdə polis əməkdaşı tərəfindən afroamerikalı Corc Floydun qətlindən sonra hazırlanıb.
Buna da bax: Floydun ölümünə görə keçmiş polis 22,5 il azadlıqdan məhrum edilib
Afrika mənşəli insanların səsini eşitmək
Baçelenin sözlərinə görə, Şimali Amerika, Avropa və Latın Amerikasının bir çox yerlərində polisin irqi zəmində aşırı gücdən istifadə etməsi adi hala çevrilib. O, hökumətləri ayrıseçkiliyə son qoymağa, qanunsuz ölümlərə görə hüquq mühafizə əməkdaşlarını mühakimə etməyə çağırıb.
“Bütün dövlətləri irqçiliyi danmağı dayandırmağa, onun kökünü kəsməyə; cəzasızlığa son qoyaraq inam yaratmağa; Afrika mənşəli insanların səsini eşitməyə; keçmiş miraslarla üzləşərək həll yolunu tapmağa səsləyirəm”, – komissar İnsan Haqları Şurasının hesabatında vurğulayır.
Buna da bax: Polisin 13 yaşlı oğlanı güllələməsinin videosu yayılıb
Komissar dünya üzrə 190 afrikalının və Afrika mənşəli şəxsin polisin əlində ölməsinə baxmayaraq, polis əməkdaşlarının “nadir hallarda məsuliyyətə cəlb olunduğunu” bildirir, Floyd daxil olmaqla yeddi “simvolik halı” misal gətirir.
“Ümidverici təşəbbüs”
İyunun 25-də məhkəmə keçmiş polis əməkdaşı Derek Şauvinə Floydun ölümünə görə 22 il yarım iş kəsib. Məhz Floydun ölümü “Black Lives Matter” adlı etiraz hərəkatını alovlandırıb.
“İrqi bərabərlik və ədalətdə dönüş nöqtəsinə nail olmaqdan ötrü bu gün vacib fürsət var”, – hesabatda deyilir.
Buna da bax: Polisin qaradərilini səhvən öldürdüyü bildirilir
Baçele ABŞ Prezidenti Co Baydenin ölkədə irqi bərabərsizliyi yoluna qoymaqdan ötrü yanvarda imzaladığı fərmanı “ümidverici təşəbbüs” adlandırıb.
“Sistematik irqçiliyə sistematik reaksiya gərəkdir. İrqi bərabərlik və ədalətdə dönüş nöqtəsinə nail olmaq üçün vacib fürsət yaranıb”, – Baçele deyib.