Üzgüçülük üzrə ikiqat Olimpiya çempionu və Beynəlxalq Olimpiya Komitəsi (BOK) İcraiyyə Şurasının üzvü Kirsti Koventri ali idman qurumunun yeni prezidenti seçilib. O, təşkilatın tarixində 10-cu prezident olacaq. O, hazırda Zimbabvenin idman naziri vəzifəsində çalışır.
41 yaşlı Koventri BOK-a rəhbərlik edən ilk qadın və ilk afrikalıdır.
Koventri rəsmi olaraq iyunun 23-də - Tomas Baxın səlahiyyət müddəti başa çatdıqdan sonra vəzifəsinin icrasına başlayacaq. BOK prezidenti 8 il müddətinə seçilir və daha bir yarım müddətə yenidən seçilmək hüququna malikdir.
Baxın dövründə - 2022-ci ildə Rusiya Ukraynanı işğal etdiyi üçün olimpiya idman növləri üzrə beynəlxalq yarışlardan kənarlaşdırılıb. 2023-cü ildə BOK Rusiya Olimpiya Komitəsinin fəaliyyətini dayandırıb.
Seçkiqabağı kampaniya zamanı Koventri rusiyalıların qarşıdan gələn Olimpiadada iştirakı mövzusuna toxunmayıb. O, Rusiyanın xaric edilməsini və rusiyalı idmançıların neytral statusda yarışmalarını dəstəkləyirdi.
Mövzunu şərh edən Koventri idman karyerası dövründə Zimbabvenin beynəlxalq sanksiyalar altında olduğunu xatırladıb.
"Beynəlxalq ictimaiyyət asanlıqla bizim Oyunlarda iştirak etməyimizə mane ola bilərdi. Belə olsaydı, bugünkü həyatım necə olardı? Siyasi liderlərin və hökumətlərin hərəkətlərinə görə cavab verməli olmadığım üçün minnətdaram", - o deyib.