Əslən Kubadan olan Azərbaycan boksçusu Rio-2016 Yay Olimpiya Oyunlarında yarımfinala çıxıb.
Maraqlı orasıdır ki, 64 kq çəki dərəcəsində mübarizə aparan Lorenzo Sotomayor 1/4 finalda həmyerlisi Yasnier Toledo ilə qarşılaşıb.
O rəqibinə 3:0 hesabı ilə qalib gələrək yarımfinala çıxıb və bununla azı bürünc medalı təmin edib.
2009-cu ildə Kuba çempionu olan 31 yaşlı Sotomayor 2014-cü ildən Azərbaycanın şərəfini qoruyur.
Onu da qeyd edək ki, olimpiya yarışlarında hər çəki dərəcəsində hər bir ölkədən yalnız 1 idmançı çıxış edə bilər.
Reutersin məlumatına görə Sotomayor döyüşdən sonra KİV-lərə bir neçə kəlmə Azərbaycança danışıb.
Onun kubalı rəqibi Toledo isə həmyerlisinə uğurlar arzulayıb, yaxşı işlədiyini və həmin görüşdə qələbəyə layiq olduğunu bildirib.
Toledonun özü 4 il əvvəl olimpiyadada yüngül çəkidə bürünc medal qazanıb.
-
-