Boliviyada çevrilişə rəhbərlik edən general saxlanıb

General Xuan Xose Suniqa saxlanıb

Boliviya prezidenti Luis Arse hərbi qüvvələr paytaxt La-Pasda prezident iqamətgahının yerləşdiyi Böyük Xalq Evini hücumla tutmağa cəhd etdikdən sonra sakinləri çevriliş cəhdinə qarşı çıxmağa çağırıb. Cəhd uğursuz başa çatıb - əsgərlər geri çəkilməli olublar.

"Boliviya xalqının demokratiya naminə dövlət çevrilişinə qarşı təşkilatlanması və səfərbər olması lazımdır. Çevriliş cəhdlərinin yenidən boliviyalıların həyatına son qoymasına icazə verə bilmərik", - o, müraciətdə bildirib.

İyunun 26-sı axşam qoşunlar hökumət binalarının yerləşdiyi La-Pasın Murilyo meydanının girişlərini bağlayıblar, bundan sonra zirehli maşın sarayın qapılarını dağıtmağa cəhd edib. Zirehli texnikalar və əsgərlər meydanda mövqe tutublar.

Siyasi məhbusları həbsdən buraxmağa söz verib

Hücuma rəhbərlik edən general Xuan Xose Suniqa hərbçilərin məqsədinin ölkədə demokratiyanı bərpa etmək olduğunu bildirib, həmçinin siyasi məhbusları həbsdən buraxmağa söz verib.

"Silahlı Qüvvələr demokratiyanı yenidən qurmaq, onu 30-40 ildir eyni bir neçə adamın idarə etdiyi deyil, əsl demokratiyaya çevirmək niyyətindədir", - o, prezident sarayının qarşısında əsgərlər və səkkiz tankın əhatəsində deyib.

Prezident daha sonra yeni hərbi rəhbərlik təyin etdiyini, Xose Uilson Sançesin ordu komandanı kimi and içdiyini bildirib. X.U.Sançes ilk növbədə əsgərlərə geri çəkilməyi və öz hissələrinə qayıtmağı əmr edib.

Bundan sonra hərbçilər Murilyo meydanını tərk etməyə başlayıblar.

Boliviya Baş Prokurorluğu Suniqa və hücumun digər iştirakçılarının hərəkətləri ilə bağlı araşdırmaya başlayıb. Təşkilatçı general saxlanıb.

AFP yazır ki, quru qoşunların komandanı X.X.Suniqanın işdən qovulmaq ərəfəsində olması ilə bağlı şayiələr iyunun 25-də yayılmağa başlayıb.

General iyunun 24-də televiziyaya çıxıb və 2025-ci il seçkilərində yenidən namizəd olacağı təqdirdə keçmiş prezident Evo Moralesi həbs edəcəyini söyləyib.

Morales ölkə tarixində prezident vəzifəsini tutan ilk etnik hindu idi. O, ehtimal seçki saxtakarlığı ilə bağlı etirazlar fonunda dördüncü müddətinin əvvəlində istefa verməyə məcbur olub.

Çili, Ekvador, Peru, Meksika, Kolumbiya, Venesuela və Braziliya liderləri hərbçilərin hərəkətlərini pisləyib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasından bildirilib ki, prezident Co Bayden administrasiyası Boliviyadakı hadisələri diqqətlə izləyir və sakitliyə çağırır.