Dekabrın 30-da axşam saatlarında Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Bolnisi bələdiyyəsinin Naxiduri (Arıxlı) kəndində vəziyyət xeyli gərginləşib.
Bolnisi-Marneuli magistral yolunda yol qəzasında iki yerli yeniyetmə ölüb: biri hadisə yerində, digəri xəstəxanada vəfat edib. APA informasiya agentliyi yeniyetmələrin azərbaycanlılar olduğunu yazır. Yolu keçən daha iki gənc isə xəsarət alıb.
Medianın və hadisə şahidlərinin verdiyi məlumata görə, qəzanı törətdiyi bildirilən sərxoş sürücü hadisə yerini tərk etməyib. O, təcili yardım maşınında gizlənməyə çalışıb, sakinlər isə maşını aşırıblar. Hadisə yerinə xüsusi təyinatlılar cəlb olunub, polis nəqliyyatın hərəkətini məhdudlaşdırıb.
Bolnisi təcili yardım xidmətinin tibb bacısı Ana Abramişvili AzadlıqRadiosunun gürcü xidmətinə bildirib ki, yerli sakinlər təcili yardıma qarşı aqressiya göstəriblər, çünki “onlar həkimlərin döyülən sürücünü hadisə yerindən uzaqlaşdırmaq istədiyini düşünüblər”:
“Yerli sakinlərin bir hissəsi təcili yardım maşınını silkələdiyi vaxt, digərləri briqada üzvlərini maşından çıxarıb. Yoxsa nə baş verərdi, bilmirəm. Təcili yardım briqadasının üzvlərinə heç kim fiziki xəsarət yetirməyib”.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, sürücü saxlanılıb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı - yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozma maddəsi üzrə cinayət işi başlanıb.
DİN-in daha sonra yaydığı məlumata görə, iğtişaşlar zamanı bir neçə təhlükəsizlik əməkdaşı və 8 vətəndaş yaralanıb, onlardan bəziləri tibb ocaqlarında müalicə alır.
Əhalisinin əksəriyyəti azərbaycanlılar olan Bolnisi bələdiyyəsi Gürcüstanın cənubundakı Kvemo-Kartli bölgəsinin bir hissəsidir.