“Azərbaycan Ermənistan tərəfindən Vyana və Sankt-Peterburqda aparılmış danışıqları və münaqişəsinin sülh yolu ilə həlli istiqamətində olan səyləri pozmağa yönəlmiş təxribatların artırılmasından narahatdır”.
Xarici İşlər Nazirliyinin (XİN) dekabrın 30-da yaydığı məlumatda belə yazılır.
Nazirlik dekabrın 29-da cəbhə bölgəsində baş verənləri xatırladır. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Çingiz Qurbanovun cəsədinin Ermənistan tərəfinə aparıldığını qeyd edir.
Buna da bax: Bordyuja niyə "Dağlıq Qarabağ Respublikası" dedi?
“Ermənistan tərəfi ilkin olaraq cəsədin onlarda olduğunu inkar etsə də, sonradan baş vermiş insidentə görə öz məsuliyyətini gizlətmək və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədilə hadisəni onların dövlət sərhədinin pozulması kimi təqdim etməyə cəhd göstərib. Cəsədin fotolarını sosial şəbəkələrdə yerləşdirməklə mənəvi-etik normaları və insani dəyərləri tapdalayaraq çirkin təbliğata, dezinformasiyaya əl atıb”, nazirlik bildirir.
XİN əvvəllər də azərbaycanlı hərbçilərin cəsədlərinin Ermənistan tərəfində saxlandığını, cəsədlər üzərində vandalizm əməlləri törədildiyini yada salır.
“Ümid edirik ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi hərbi qulluqçu Çingiz Qurbanovun cəsədinin Azərbaycana verilməsi üçün zəruri və təxirəsalınmaz tədbirlər görəcək” - məlumatda qeyd edilir.
Buna da bax: Cəbhədə yenidən nə baş verir? [reaksiyalar]
Bəyanatda sözügedən hadisə ilə əlaqədar Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının (KTMT) baş katibinin açıqlamasına da yenidən toxunulub. Nazirlik bir gen əvvəl də bununla bağlı bəyanat vermişdi.
“Nikolay Bordyuja səlahiyyət həddini aşmaqla, insidentin mahiyyətini təhrif edərək guya onun Ermənistan ərazisində baş verməsi iddiası ilə çıxış edib. Bununla bərabər, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə “Dağlıq Qarabağ Respublikası” kimi müraciət edib. Bununla da Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin şübhə altına qoyulmasına cəhd edib. KTMT-nin Baş katibinin səsləndirdiyi bu məsuliyyətsiz bəyanat ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqları pozmağa xidmət edir. Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən təşkilatın digər üzv dövlətləri ilə münasibətlərinin təməl prinsiplərinə ziddir”, XİN vurğulayır.
Buna da bax: Sərhəddə toqquşmalar. Baş katib 'DQR' ifadəsi işlətdi
Nazirlik N.Bordyujanın bəyanatını rədd edir, KTMT-yə üzv dövlətlər tərəfindən ona qiymət verilməsini gözlədiyini vurğulayır.
Xatırlatma
Dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədində silahlı insident baş verib. KTMT baş katibi N.Bordyuja (Bordyuzha) bu insidentə görə, Azərbaycan tərəfini ittiham edib. O, Dağlıq Qarabağdakı separatçı rejimi «Dağlıq Qarabağ Respublikası» adlandırıb.
KTMT-ni 2002-ci ildə MDB-yə daxil olan 6 ölkə yaradıb. Bu Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstandır. Azərbaycan MDB-yə üzv olsa da, KTMT-yə qoşulmayıb.