Birləşmiş Ştatlardan Azərbaycana azad seçki tövsiyəsi

Bricit Brink

Birləşmiş Ştatlar Azərbaycana növbədənkənar prezident seçkisini azad və ədalətli keçirməyi tövsiyə edir. Bunu ABŞ Dövlət katibi müavininin müşaviri Bricit Brink fevralın 7-də Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Xanım Brink Bakıda bir sıra rəsmilər, o cümlədən müxalifət liderləriylə görüşdüyünü bildirib. Dediyinə görə, həmin görüşlərdə enerji, təhlükəsizlik məsələlərində ABŞ-ın Azərbaycanla vahid mövqedə olduğu vurğulanıb. «Əfqanıstan və terrorçuluqla mübarizədə ABŞ-a göstərilən dəstəyə görə təşəkkür etdik. Birləşmiş Ştatlar Azərbaycanla ticarət əlaqələrinin dərinləşdirilməsinə, Yeni İpək Yolu vasitəsiylə Azərbaycanın yeni nəqliyyat qovşağına çevrilməsinə dəstəyini bildirir», – diplomat qeyd edib.

***Buna da bax-Seçki təqvim planı: Namizəd 2 həftəyə 60 dairədən 40 min imza toplamalıdır... [video]

«Demokratiya və insan haqları məsələləri də açıq və səmimi müzakirədə götür-qoy olundu. Birləşmiş ştatların mövqeyi belədir – insan haqları, hüququn aliliyinə sayqı, korrupsiyayla mübarizə Azərbaycanın biznes mühiti üçün vacibdir. Həmişə demişik ki, insan ləyaqətinə və fundamental dəyərlərə sayqı ikitərəfli münasibətlərdə əsas rol oynayır», – xanım Brink bildirib.

'ABŞ inklüziv demokratik prosesi dəstəkləyir'

Azərbaycanda növbədənkənar prezident seçkisinin təyin olunmasıyla bağlı ABŞ təmsilçisi qeyd edib ki, Azərbaycan hökumətinə seçkini azad və ədalətli şəkildə, ölkə konstitusiyasına və beynəlxalq öhdəliklərə uyğun olaraq keçirməyi tövsiyə edirlər. «ABŞ inklüziv demokratik prosesi dəstəkləyir, elə bir prosesi ki, tərəflərə bərabər kampaniya aparmaq, azad mediada bərabər şəkildə fikirlərini bildirmək, azad toplantı keçirməyə şəraiti yaradılır», – deyən diplomat bir daha prezident Donald Trampın milli təhlükəsizlik strategiyasına istinad edib – ABŞ ən sıx əlaqələri onun dəyərlərini və maraqlarını bölüşən ölkələrlə qurur.

***Buna da bax-Qəfil prezident seçkisi keçirməkdə məqsəd nədir? [versiyalar] [video]

B.Brink AzadlıqRadiosunun bağlanması məsələsini Azərbaycan hökumətiylə müzakirə etdiyini və bu barədə ABŞ-da məruzə edəcəyini deyib. Diplomat Birləşmiş Ştatların bütün dünyada azad media tərəfdarı olduğunu deyir. «İnanırıq ki, fərqli fikirlərin mövcudluğu istənilən demokratiyada xəbərlərin etibarlığına və onlara inanmağa şərait yaradır. Bütün dünyada azad medianı ümumi işlərin vacib hissəsi sayırıq», – xanım Brink söyləyib.

Xatırlatma

AzadlıqRadiosunun Bakı ofisi 2014-cü ilin dekabrında qapadılıb. Ötən il martın sonundan isə AzadlıqRadiosu daxil olmaqla, ölkədə bir neçə sayta giriş əngəllənib. Rabitə Nazirliyi əvvəlcə bundan xəbərsiz olduğunu bildirsə də, sonradan məhkəmədə üzə çıxdı ki, bu addım Baş Prokurorluğun müraciəti ilə atılıb.

Mayın 12-də isə Səbail rayon Məhkəməsinin qərarıyla bir neçə sayt bloklanıb.

Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia olunub. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

Hələ AzadlıqRadiosunun saytının bloklanmasına gizli cəhdlər olarkən «Azad Avropa və Azadlıq Radioları» korporasiyasının prezidenti Tomas Kent bu addımı pisləmiş, bunu hakimiyyətdən sui-istifadə edərək AzadlıqRadiosunun Azərbaycanda yerli auditoriyaya müstəqil informasiya çatdırmasına mane olmaq cəhdi kimi qiymətləndirmişdi.