Britaniya parlamenti 'Brexit sazişini' üçüncü dəfə rədd edir. İndi nə olacaq?

Baş nazir Theresa May İcmalar Palatasında

Martın 29-da Britaniya parlamenti ölkənin Avropa İttifaqından ayrılması şərtlərini ehtiva edən hökumət təklifini üçüncü dəfə rədd edib.

Baş nazir Theresa May saziş təklifini heç olmasa bu dəfə səsvermədən keçirmək üçün sənədi xeyli yığcamlaşdırmışdı.

Lakin ən qatı breksitçilərin əvvəlcədən danışılmış razılığına baxmayaraq təklif rədd edilib.

Açıq-aydın qanıqara görünən baş nazir səsvermədən sonra millət vəkillərinə deyib ki, “biz artıq son limitə yaxınlaşırıq”.

İndi baş nazir Theresa May-in Avropa İttifaqına yeni təkliflər təqdim etmək üçün aprelin 12-dək vaxtı var.

Əks halda Birləşmiş Krallıq Avbropa İttifaqını heç bir saziş olmadan tərk etməlidir.

Variantlar

Guardian bu səsvermədən sonra Britaniyanı gözləyən mümkün ssenarilərdən yazır:

Avropadan çıxış sazişi rədd edilib və hökumət aprelin 12-dək gələcək addımlarını müəyyənləşdirə bilmir:

Partiya liderləri demişdilər ki, əgər saziş təklifi üçüncü dəfə də rədd edilərsə, onlar ölkənin Avropa İttifaqından çıxışına start verəcək 50-ci maddənin daha böyük müddətə uzadılması məsələsinə baxa bilərlər.

Avropa İttifaqı "kəndiri kəsir"

Lakin bunun üçün hökumətin aprelin 12-dək gələcək addımlarını açıqlaması lazımdır.

Əgər bu baş verməsə, onda diqqət mərkəzinə Avropa İttifaqı liderləri gələcək.

Avropa İttifaqı aprelin 10-a sammit çağırıb.

Bu sammitdən nəticə belə ola bilər ki, Avropa İttifaqı Birləşmiş Krallığın “kəndirini kəsir” və sazişsiz Breksitin gətirəcəyi xaosdan çəkinən London çevik qaydada danışıqlar masası arxasına qayıdır.

Bu da ola bilər ki, Avropa İttifaqı liderləri Britaniya hökumətinin başı üstündən birbaşa Britaniya millət vəkillərinə müraciət etsinlər.

Brüssel Breksitin vaxtını müəyyən şərtlər daxilində uzada, Britaniya parlamentinə bir qərara gəlməsi üçün vaxt verə bilər.

Avropa İttifaqı ölkələri sonu qaçılmaz şəkildə qınaqla bitəcək bu oyunun günahkarı olmaq istəmirlər.

Britaniya parlamenti "yumşaq Breksit" variantını seçir

Əgər İcmalar Palatası gələn həftə keçiriləcək yoxlama səsverməsində Avropa gömrük ittifaqında daimi olaraq qalmaq variantını dəstəkləyərsə, Avropa İttifaqı da ayrılma sazişinin “siyasi deklarasiya” hissəsinin dəyişdirilməsinə razılıq verərdi.

Buna da bax: Breksit Britaniya siyasətinin paxırını açır

Sazişin yeni variantının mətninin təfərrüatları verilməyəcək. Gömrük ittifaqı barədə danışıqlar və səsvermə daha çətin olacaq. Müxalif Leyboristlər Partiyası Britaniyanın Avropa İttifaqının ticarət məsələlərində öz sözünün olmasını istəyir.

Amma bunu Britaniya İttifaqdan çıxdıqdan sonra da müəyyənləşdirmək mümkündür.

Belə ssenaridə parlament sazişə və siyasi deklarasiyaya bir neçə həftə ərzində səs verə bilər. Bu halda Britaniya İttifaqı mayın 22-dək tərk edəcək. Amma bu yalnız “yumşaq Breksit” (gömrük ittifaqında daimi qalmaqla) variantında mümkün ola bilər.

İkinci referendum və ya parlament seçkisi

Üçüncü variant olaraq parlament ikinci referendumun keçirilməsini dəstəkləyə və ya baş nazirdən yeni parlament seçkisinin keçirilməsini istəyə bilər.

Hər iki ssenari Breksitin Avropa Parlamentinə seçkidən sonrakı müddətədək uzadılmasını tələb edəcək. Bu müddəti Avropa liderləri aprelin 10-da keçiriləcək sammitdə müəyyən edəcəklər.

50-ci maddənin uzadılması bütün hallarda 9 aydan az olmayacaq. Belə olarsa, Britaniya İttifaqdan yalnız bu il dekabrın 31-dək çıxa biləcək. Bəlkə də bu proses daha uzun – 21 ay müddətində davam etdi.

Başqa sözlərlə Britaniya 2021-ci ilıədək Avropa İttifaqında qalmalı olacaq.

Ayrı bir variant – Avropa İttifaqından sazişsiz çıxışdır.