Britaniya mətbuatı yazır ki, ölkənin Suriya müharibəsinə qoşulmasının zəruriliyinə şübhə edən mühafizəkar millət vəkilləri mövqelərini dəyişiblər və parlament səsverməsində baş naziri dəstəkləyəcəklərini bildiriblər.
Parlament səsverməsi gələn həftənin cümə axşamı günü keçiriləcək. Rəsmi London bildirib ki, parlamentin İŞİD-in bombardmanına icazə verən qanunu qəbul edəcəyinə əmindir.
Bu qanunun parlamentdən keçəcəyi hələ ötən həftə şübhə doğururdu, çünki müxalif leyboristlərlə yanaşı, partiyadaxili “mühafizəkar qiyamçılar” da onun əleyhinə səs verəcəklərini bildirirdilər.
İndi artıq baş nazir bu etirazçı qrupu ölkənin Suriyadakı hava kampaniyasına qoşulmasının zəruriliyinə inandıra bilib.
Cameron əmindir
2013-cü ildə Mühafizəkarlar Partiyasından olan “30 üsyançı millət vəkili” parlament səsverməsi zamanı baş naziri pərt qoymuşdu.
Cümə günü Maltada Britaniya Birliyi ölkələrinin başçıları ilə görüşdə David Cameron Londonun İslam Dövləti adlanan təşkilata qarşı bombardman kampaniyasına qoşulacağına qəti inandığını deyib.
Cənab Cameron parlamentdə 12 səs çoxluğuna malikdir və buna görə də onun öz partiyasından olan millət vəkillərinin mövqeyi son dərəcə mühümdür.
Mühafizəkarlar Partiyası bildirib ki, hazırda baş nazirin təşəbbüsünə qarşı çıxan cəmi 10 mühafizəkar var. Bu isə o deməkdir ki, Suriya münaqişəsinə qoşulmaq qərarı haqqında qanun leyboristlərin dəstəyi olmadan da qəbul edilə bilər.
Hollande Britaniya parlamentinə müraciət edib
Ümumiyyətlə, son aylarda Britaniya ictimaiyyətinin ölkə silahlı qüvvələrinin Suriya münaqişəsində iştirakına münasibəti kəskin dəyişib. İndi britaniyalıların əksəriyyəti Kral Hərbi Hava Qüvvələrinin İŞİD-i bombalamasını dəstəkləyir.
Bu arada Avropa siyasətində nadir hadisələrdən biri baş verib. Fransa prezidenti Francois Hollande müharibə qanununu dəstəkləmələri üçün Britaniyanın millət vəkillərinə birbaşa müraciət edib.
Britaniyanın Suriya münaqişəsinə müdaxilə etməsini istəməyənlərin əsas arqumenti Paris hücumlarına bənzər terror aktının Londonda da baş verməsi ehtimalı idi.
David Cameron ictimai rəyi elə bu arqumentin özü ilə dəyişə bilib.
Baş nazir əmindir ki, “İŞİD şərini onun öz yuvasında əzmək lazımdır”.