Britaniyanın ən uğurlu teatr prodüserlərindən biri teatr sənətinin "tam süqut ərəfəsində" olduğunu deyib. O, hökuməti mindən çox teatrı daimi bağlanmaq təhlükəsindən qurtarmaq üçün təcili xilas paketi ayırmağa çağırıb.
"Mormonlar kitabı" ("The Book of Mormon") və "Harri Potter və lənətlənmiş uşaq" ("Harry Potter and the Cursed Child") kimi məşhur tamaşaların prodüseri olmuş Sonia Friedman Britaniyanın "The Telegraph" qəzetindəki məqaləsində teatr sənətinin real olaraq tamamilə məhv olma təhlükəsi qarşısında olduğunu yazıb. O bu təhlükənin qarşısının alınması üçün hökumət dəstəyinin zəruri olduğunu bildirib.
"Hökumətin xilas paketi olmasa, bizim teatr sənəti şirkətlərimizin 70%-i bu ilin sonunadək bağlanmağa məcbur olacaq. Ölkə boyu mindən artıq teatr müflis olacaq. Onların birdəfəlik bağlanması ehtimalı var", – o yazıb.
Buna da bax: Orxan Pamuk koronavirus qorxusundan danışır
"Geriyə qaytarılması mümkün olmayan" itki
Prodüser daha sonra qeyd edib ki, bu itkinin geriyə qaytarılması mümkün olmayacaq. O həmçinin bildirib ki, zəruri müdaxilə olmasa, növbəti altı ay ərzində ölkə incəsənət və mədəniyyət qurumlarının öz maddi ehtiyatlarını sonadək tükətməsinə şahidlik edəcək.
O əlavə edib ki, bir çox teatrların fərdi inzibatçıların tabeliyinə keçməkdən başqa seçimi qalmayacaq. Bəzi Qərb ölkələrində müflis olmaq təhlükəsi ilə üzləşən şirkətlər eyni sahənin mütəxəssisi olan inzibatçının tabeliyinə keçirilir və bu yolla kreditorlardan müdafiə qazanır. Bu halda kreditorlar onlara qarşı məhkəmə iddiası qaldırmırlar.
Teatrların öz işçilərini ixtisara salmağa, özlərininsə inzibatçıların tabeliyinə keçməyə başladığı indiki ağır şəraitdə bir neçə incəsənət adamı dövləti teatr şirkətlərini dəstəkləməyə çağırıb. Friedman onlardan biridir.
Buna da bax: Muzeylərin 13 faizi pandemiyadan sonra açılmaya bilər
Edinburq Kral Liseyi mayın 20-də fəaliyyətini dondurduğunu elan edib. Qurum öz işçi heyətinə iş yerlərinin risk altında olduğu haqda bildiriş təqdim edib.
Teatr şirkətinin bədii rəhbəri David Greig bildirib ki, indi xərcləri azaltmaq üçün heyətin ixtisarı prosesinə başlamaq ilə Milad bayramınadək tam bağlanmaq arasında "mürəkkəb seçim" etməli olub.
Lisey teatrından öncə Sauthempton Naffild və Sautport teatrları da COVID-19 epidemiyasının təsiri nəticəsində inzibati nəzarətə keçdiklərini bəyan ediblər. Northemptondakı Dernqeyt Kral Teatrı, məşhur Şekspir Qlobus Teatrı və Londondakı Milli Teatr dövlət dəstəyi olmadan ayaqda qala bilməyəcəklərini elan ediblər.
Teatrların problemləri bitməyəcək
Friedman, eyni zamanda, xəbərdarlıq edib ki, ölkədə karantin və təcrid tədbirlərinin sona çatacağı halda belə, teatrların problemləri bitməyəcək. O bunu "teatrın sosial məsafə ilə birlikdə mümkün olmaması" ilə izah edib. Prodüser bir-biri ilə iki metrlik məsafə saxlayan aktyorların oynadığı teatr yaratmağın çox çətin olduğunu, teatrların fəaliyyət xərclərini ödəmək üçün kifayət qədər qazanc əldə edə bilməyəcəyini vurğulayıb.
Buna da bax: Pandemiya ədəbiyyatı
"Əksər teatrlar, sadəcə, ayaqda qala bilmək üçün yerlərin 60%-ni satmalıdırlar. Bundan az bilet satmaq dayanıqlı deyil. Biz teatrların yenidən açılmasını istəyiriksə, onların başqa bir çıxış yolu tapılana qədər maliyyə dəstəyinə ehtiyacı olacaq", – o deyib.
Friedman öz şirkətinin də bağlandığını bildirib. O qeyd edib ki, şirkət son 10 həftə ərzində bütün dünyada 18-dən artıq teatr tamaşasının hazırlığını dayandırmalı olub. (Friedman-ın məqaləsi mayın 21-i işıq üzü görüb.) Prodüserin hesablamalarına görə, bu tədbirlər teatr sektorunun ümumilikdə 330 milyon funt (410 milyon dollar) qazanc itirməsinə səbəb olub.
"Britaniya teatrı getsə, birdəfəlik itirilmiş olacaq. Bizimki kimi 70 il ərzində formalaşmış mürəkkəb, mükəmməl ekosistemin dəyəri yoxdur. Onu sıfırdan yaratmaq mümkün deyil. Hazırda, dəstək olmasa, o ciddi təhlükə qarşısındadır", - Friedman yazıb.