Britaniyalı aktrisa Kadyrov-un xanımının dizayn etdiyi paltarı geyib

Ramzan Kadyrov və Elizabeth Hurley

-

Aktrisa Elizabeth Hurley, Araqonlu Catherine və Çeçenistan lideri Ramzan Kadyrov-u nə bağlayır?

Məsələ burasındadır ki, o, oğlunun məktəb tamaşasında İngiltərə kraliçası Catherine-nin rolunu oynayarkən, Kadyrov-un xanımının dizayn etdiyi yaşıl libası geyinib, ancaq... Ancaq öz fotosunun altındakı yazıda bunu xatırlatmayıb. Hurley bu fotonu «loyal mama» həştəqiylə paylaşıb.

O, 2013-cü ildə Kadyrov-un dəvətilə Çeçenistana səfərində də eyni geyimdə şəkil çəkdirib və fotosunu sosial şəbəkədə paylaşarkən, əynindəki paltardan söz açmayıb.

Halbuki elə həmin il bu şəkli paylaşan Kadyrov ayrıca qeydlərini də diqqətə yetirib.

O vaxt Kadyrov Hurley-lə çəkdirdiyi fotonu öz «Instagram» hesabında paylaşmışdı. Eyni yaşıl geyimdə olan Hurley-in başını örtməsi də diqqət çəkir.

Kadyrov o fotonun altında Hurley-in geyimini öz xanımının - Medni Kadyrova-nın dizayn etdiyini və bu libasın ənənəvi müsəlman geyimləri hazırlayan «Firdaws»in hazırladığını yazıb.

KADYROV AKTRİSANIN BU GEYİMƏ HEYRAN QALDIĞINI DA BİLDİRİB

Kadyrov yazıb ki, çeçen dəb və alış-veriş mərkəzi sayılan «Firdaws»a reklam lazım deyil və «artıq bir neçə ildir ki, dünyanın ən yaxşı modelləri» bu firmanı qlobal brend kimi tanıyırlar: «Bununla belə, çox xoşdur ki, «Estee Lauder» şirkətinin siması olan ünlü aktrisa və supermodel Elizabeth Hurley də «Firdaws»in geyimini bəyənməsi bir yana, həm də bu paltara heyran qaldı».

Kadyrov daha sonra əlavə edir ki, aktrisa onların ulduz müştərisi olmaqla kifayətlənməyib, hətta oğluna da Çeçenistanın milli geyimini sifariş verib.

AzadlıqRadiosu Hurley-in öz hesabında paylaşdığı fotosuna münasibət öyrənmək istəyib, ancaq sosial şəbəkə üzərindən onunla əlaqə saxlamaq cəhdi boşa çıxıb.

HURLEY KADYROV-A GÖRƏ TƏNQİD ATƏŞİNƏ TUTULUB

Üç il öncə Çeçenistana film çəkilişlərinə gedən Hurley həmin səfərlə bağlı xeyli tənqidlərə tuş gəlmişdi. Onu Çeçenistanda insan haqlarını pozan və qorxu mühiti yaradan Kadyrov-u dəstəkləməkdə suçlayırdılar.

Kadyrov ötən aylarda Rusiyanın siyasi müxalifətini hədələməkdə, hətta müxalifət liderlərindən Boris Nemtsov-un qətlində əli olmaqda ittiham edilir.

Çeçenistan rəhbərinin prezidentlik müddəti gələn həftə sona çatır, ancaq Putin onu seçkilərədək vəzifəsində saxlayıb. Bu yaxınlarda Kadyrov Rusiya televiziyasına müsahibəsində artıq postunu tərk etmək zamanının çatdığını bildirib. Bundan sonra sosial şəbəkələrdə Kadyrov-un hakimiyyətdə qalmasına dəstək kampaniyası başladılıb və Putin ondan sentyabrdakı seçkilərə qatılmasını xahiş edib.