Britaniyalılar Rusiyanın Ukrayna münaqişəsində iştirakını ‘sübut’ ediblər

Şərqi Ukraynada məhv edimiş T-72B3 tankı

AzadlıqRadiosunun Rus xidməti yazır ki, 5 il bundan əvvəl 2014-cü ilin avqustunda Rusiya Ukraynada dəstəklədiyi separatçılara ilk dəfə olaraq özünün nizami qoşunu ilə kömək etməyə məcbur olub.

O vaxt moskvayönlü separatçılar məğlubiyyət dalınca məğlubiyyətə uğrayırdılar. Elə həmin məqamda Rusiya Ukrayna hökumət qüvvələri üçün “İlovaysk qazanını” təşkil edib.

Rusiya Donbasda çox sayda Ukrayna əsgərinin ölümü ilə nəticələnmiş bu döyüşdə iştirakını bugünədək danır. Amma bu döyüş və orada Rusiya qoşunlarının birbaşa iştirakına dair çoxsaylı foto və videofaktlar var.

Bu faktların toplanmasını Britaniyanın Forensic Architecture təhqiqat qrupundan Avropa İnsan Haqları Mərkəzi xahiş etmişdi.

Təşkilatın saytında deyilir ki, bu təhqiqat zamanı kompüterlər hərbi texnikanı tanımaq üçün proqramlaşdırılmışdı.

Bu məqsədlə açıq mənbələrdən – müxbir yazılarından və sosial media platformalarındakı materiallardan istifadə olunub.

Forensic Architecture bildirir ki, bu materialların təhlili Ukrayna münaqişəsində, özəlliklə də İlovaysk ətrafında gedən döyüşlərdə Rusiya əsgərlərinin və hərbi texnikasının birbaşa iştirakını “tam sübüt etmək” imkanı verib.

Dərc olunmuş sübutların arasında Ukrayna ərazisində hərəkət edən Rusiya hərbi texnika karvanlarının peykdən çəkilmiş fotoları da var.

Bu fotolardan birində T-72VZ tankları görünür. İlovaysk döyüşü baş verən vaxtlarda bu tanklar yalnız Rusiya ordusunun ixtiyarında idi.

Kompüterlərin tankları tanıması üçün onlara 2 min saatlıq videolar göstərilib.

Toplanmış materiallardan Ukrayna hərbçilərinin Avropa İnsan Haqları Məhkəməsinə şikayətlərində istifadə olunacağı bildirilir.

Rusiya Donbas döyüşlərində öz qoşunlarının iştirakı barədə iddiaları qətiyyətlə rədd edir.