Rusiyanın Bryansk şəhərində 5 saylı gimnaziyada səkkizinci sinif şagirdi məktəbdə atəş açıb. Bu haqda TASS xəbər yayıb.
"Baza" Telegram kanalının məlumatına görə, məktəbli qız dördüncü mərtəbədə biologiya dərsinin keçirildiyi otağa qalxıb, sinif yoldaşlarına atəş açmağa başlayıb.
"RİA Novosti" şahidlərə və mənbəyə istinadla yazır ki, şagird dörd oğlanı yaralayıb və özünü öldürüb. RBK isə şəhər administrasiyasına istinadla xəbər verir ki, atəş açan daxil olmaqla iki nəfər öldürülüb, dörd nəfər yaralanıb.
"Baza" atəş açanın 14 yaşlı məktəbli olduğunu öyrənə bilib. O, 13 yaşlı sinif yoldaşı Mariyaya atəş açıb, həmin qız da həlak olub, Alina isə öz həyatına qəsd edib. Yaralı oğlanlardan birinin vəziyyəti ağırlaşıb, həyatına təhlükə var. Onun hazırda reanimasiya olduğu xəbər verilir.
Səhiyyə Nazirliyi daha sonra beş nəfərin xəsarət aldığını, onların hamısının vəziyyətinin orta ağır olduğunu, birinin əməliyyat olunacağını açıqlayıb.
İlkin informasiyaya görə, qız məktəbə atasının "Bekas-3" silahını gətirib.
Daxili İşlər Nazirliyinin yerli şöbəsi informasiyanı təsdiqləyib. Hadisənin motivlərinin və baş vermə şəraitinin aydınlaşdırıldığı bildirilir.
TASS hüquq-mühafizə orqanlarına istinadla yazır ki, insidentin əsas səbəbi kimi sinif yoldaşları arasında münaqişə nəzərdən keçirilir.
Hadisədən sonra məktəblilər təxliyə olunub, bina polislərin əhatəsindədir.