Son gündə Azərbaycanda koronavirus infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 30 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə bu gün, mayın 3-də Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb.
Məlumatda qeyd edilib ki, hazırkı dövrədək Azərbaycanda 1932 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib:
“ Onlardan 1441 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər vəfat edib, 466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 19 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”
Qərargahdan vurğulandığına görə, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 157.932 test aparılıb.
Xatırlatma
2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib. Dünyada sürətlə yayılan bu virusa yoluxanlardan, artıq 245 mindən çox şəxsin vəfat etdiyi bildirilir.
Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib (martın 3-dən orta və ali məktəblərdə dərslər də dayandırılıb ). Həmin ayın 24-dən (aprelin 20-nə kimi) xüsusi karantin rejimi ( Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilmir) elan edilib. Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Karantin qaydalarına görə, dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərlər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib icazə almalıdırlar. Karantin daha sonra mayın 4-nə kimi uzadılıb. Bununla belə, aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb. Mayın 1-də yayılan rəsmi məlumata görə isə, karantin bu ayın 31-nə kimi uzadılıb. Amma yumşalma olcaq və faliyyətinə icazə verilən sahələr genişlənəcək. Artıq, mayın 4-dən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, ölkənin başqa yerlərində yaşayış yerini SMS icazəsi ilə tərk etmək qaydası götürüləcək.