Bu məsciddə üzün tam bağlanması yasaqdır; qadınlarla kişilər, geylərlə ənənəvi cinsi oriyentasiyalılar birlikdə ibadət edə bilirlər. Dünyanın münaqişəli ocaqlarında savaşan sünnilərlə şiələr də yanaşı dura bilirlər.
«The Newsweek» dərgisinin əməkdaşı Conor Gaffey Berlində ötən cümə günü açılmış ilk liberal məsciddən yazır.
«Ibn Rushd-Goethe» Məscidinin açılışında amerikalı qadın imamın arxasınca onlarla dindar ibadətə düzülüb.
«ÜZÜ TAM ÖRTMƏYİN DİNLƏ ƏLAQƏSİ YOXDUR»
Məscidi Almaniya-Türkiyə qadınlarının hüquqları uğrunda mübarizə aparan Seyran Ateş açıb. O, Türkiyədən Almaniyaya uşaq ikən köçüb. Məscid hökumətin müsəlmanların Almaniyaya inteqrasiyasına yardımı layihəsi çərçivəsində açılıb.
54 yaşlı Ateş «The Associated Press» agentliyinə səkkiz illik arzusunun gerçəkləşməsindən danışıb.
Məscid 12-ci əsr ərəb filosofu, həm də Averroes adıyla tanınan Ibn Rushd və alman şair-dramaturqu Johann Wolfgang von Goethe-nin şərəfinə adlandırılıb. İbadət məkanı Almaniyanın mühacirlərin sıx yaşadığı Moabit rayonunun köhnə Lüteran kilsəsinin üçüncü mərtəbəsində yerləşir.
Ateş deyib ki, məscid hamının üzünə açıqdır, ancaq burqa və niqab geyinmiş qadınlar təhlükəsizlik məqsədilə içəri buraxılmayacaq.
«Bu, həm təhlükəsizlik, həm də bir inancımızla bağlıdır – üzünü tam örtməyin dinlə əlaqəsi yoxdur, siyasi bəyanatdır», – Ateş Almaniyanın «Spiegel» dərgisinə deyib.
«DİN ŞƏXSİ MƏSƏLƏDİR»
Almaniya parlamentinin aşağı palatası bu yaxınlarda qanun qəbul edərək hakimlər, hərbçilər daxil, bəzi peşə sahiblərinin üzünü tam bağlamasını yasaqlayıb.
«France-Presse» agentliyi bunun Berlində sayca 88-ci məscid olduğunu vurğulayır.
«Bu məscid müsəlmanlara özlərini başqa yöndən kəşf etmək imkanı verəcək», – məscidin həmtəsisçisi, almaniyalı islamşünas Abdel-Hakim Ourghi deyib. O, İslamı siyasətdən uzaqlaşdırmağa çalışacaqlarını deyib: «Din şəxsi məsələdir».
«France-Presse» məscidin girəcəyində polisin keşik çəkdiyini yazır.
TƏHDİDLƏR DƏ ALIB
Hazırda Almaniyada 4 milyondan çox müsəlman yaşayır, onların çoxu Türkiyədən gəlib. Kansler Angela Merkel-in açıq qapı siyasəti nəticəsində ölkəyə 2015-ci ildən bəri 1 milyondan çox qaçqın sığınıb. Onların çoxu Suriya, İraq və Əfqanıstandandır.
Merkel-in bu siyasətini mühafizəkarlar tənqid edib və islamçılardan ruhlanan hücumlardan sonra gərginlik daha da artıb. 2016-cı ilin dekabrında tunisli miqrant Anis Amri Berlində yük maşınını Milad bazarına sürüb, 12 nəfəri öldürüb. Hücuma görə məsuliyyəti «İslam Dövləti» (İŞİD) silahlı qruplaşması üzərinə götürüb.
Almaniya Türkiyə konstitusiyasına dəyişikliklərlə bağlı yürüşlərin keçirilməsinə icazə verməyəndən sonra ikitərəfli münasibətlər daha da pisləşib.
Ateş deyib ki, yeni məscid müasir və liberal müsəlmanlara üzlərini ictimaiyyətə göstərmək imkanı verəcək. Onun sözlərinə görə, bu layihə ucbatından təhdidlər də alıb, ancaq reaksiya, əsasən, «gözəl və müsbət» olub.
Bu qadın insan haqları fəalı 1984-cü ildə, türkiyəli qadınlara müşavirlik edərkən sui-qəsdə məruz qalıb. Bu yaxınlarda isə keçmiş müştərisinin əri ona hücum edib. O, ilin sonuna ərəb dili və islamşünaslıq dərslərinə başlayacaq və imam olmaq istəyir.