Budapeştdə ‘Pegasus’ cəsus izləməsinə qarşı etiraz aksiyası keçirilib

Budapeşt, arxiv foto

Macarıstanda ictimai xadimləri izləmək üçün qanunsuz "Pegasus" casus proqramı vasitəsi ilə izləmələrə qarşı Budapeştdə etiraz aksiyası keçirilib.

Ölkənin kommunist keçmişi ilə müqayisə aparan etirazçılar əvvəlcə paytaxtdakı Nazizm və Kommunizm qurbanlarının xatirəsini yad edən Terror Evi Muzeyinə toplaşıblar.

Daha sonra etirazçılar "Viktator" şüarı səsləndirərək Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi Fidesz partiyasının qərargahına yürüş ediblər.

Macarıstan hökuməti, qanunun aliliyi və demokratiya məsələlərində bir çox digər Avropa Birliyi üzv dövlətləri ilə anlaşmazlıq içindədir.

Macarıstan hökuməti kəşfiyyat məlumatlarının toplanmasının qanuni bir şəkildə aparıldığını bildirsə də casus proqramın istifadəsi ilə bağlı iddialara münasibət bildirməyib.

17 beynəlxalq media qurumu və Amnesty Internationalın iyulda yaydığı bir hesabatda qeyd olunur ki, müxtəlif hökumətlər İsrail şirkəti NSO Group tərəfindən hazırlanan və lisenziyalı "Pegasus" casus proqramından istifadə etməklə jurnalistlərə, insan haqları fəallarına və dövlət məmurlarına məxsus smartfonları izləyiblər.

Bu araşdırma nəticəsində ən azı 10 vəkil və beş jurnalist də daxil olmaqla 300-ə yaxın şəxsin rəqəmsal cihazlarının Macarıstandakı casus proqram tərəfindən hədəf alındığı qənaətinə gəlinib.