Büdcə azalır, müdafiə xərcləri artır

Sizin brauzer HTML5-i dəstəkləmir

Neft elə azalıb ki... Daha bahalaşanda da büdcə dolmur (Arxiv. 2021)

2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 33 milyard 765 milyon manat, xərclərinin isə 36 milyard 355 milyon manat olacağı gözlənilir. Bu göstəricilər 2023-cü ilin təsdiq olunmuş proqnozlarına nisbətən, uyğun olaraq, 0.4 faiz və 0.7 faiz azdır. Bununla belə, növbəti il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri cari illə müqayisədə 6 faiz artırılır və 6 milyard 421 milyon manat təşkil edəcək.

Nazirlər Kabineti artıq 2024-cü ilin dövlət büdcəsi layihəsini təsdiqləyib.

2023-cü ilin dəyişikliklər edilən büdcəsində də müdafiə və təhlükəsizlik xərcləri artırılmışdı. Bəzi ekspertlər deyir ki, bununla paralel əhalinin sosial müdafiəsinə ayrılan vəsaitlər çox az artırılır.

Digər tərəfdən, gələn ilin büdcə layihəsində Neft Fondundan da transfertlər artır. Baxmayaraq ki, hökumət neft iqtisadiyyatından qeyri-neft iqtisadiyyatına keçdiyini bildirib.

Buna da bax: Maliyyə Nazirliyi beynəlxalq reytinq agentliyindən narazıdır

Maliyyə Nazirliyindən izah

Maliyyə Nazirliyindən bildirilib ki, Ermənistan hökumətinin sülh prosesinə qeyri-konstruktiv yanaşması (hərçənd Ermənistan rəsmiləri Azərbaycanla sülh sazişinə hazır olduqlarını bəyan ediblər), müşahidə olunan separatizm meylləri, bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması ilə bağlı cəhdlərin nəticəsiz qalması sülhə təhdidlər yaradır: "Bu baxımdan,... ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi və hərbi potensialın artırılması ilə bağlı tədbirlərin davam etdirilməsi üçün 2024-cü ilin dövlət büdcəsində 3 milyard manat maliyyə təminatının yaradılması nəzərdə tutulur".

Nazirlikdən qeyd olunub ki, layihədə sosial müdafiə və sosial təminat üzrə xərclərə 4 milyard 542.2 milyon manat ayrılması proqnozlaşdırılır: "Gələn il üçün müdafiə və sosial təminat üzrə xərclər 5 faiz artırılır".

M.Əfəndiyev

"Hərbi xərclərin artması labüddür"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev "Turan"a deyib ki, 2024-cü il Cənubi Qafqazda təhlükəsizliyin, sülhün təmin olunması ili olacaq və bu baxımından təhlükəsizlik tədbirlərinə xərclərin artırılması məntiqli görünür: "O baxımından hərbi xərclərin artması labüddür. 2023-cü ildə də cənab prezident bildirib ki, nə qədər lazım olacaqsa, o qədər də hərbi təyinatlı xərclərin artırılması və Azərbaycan ordusuna əlavə vəsaitlərin yönəlməsi təmin olunacaq".

"İnflyasiya bu artımı yeyib bitirəcək"

İqtisadçı Natiq Cəfərli də AzadlıqRadiosuna bildirib ki, müdafiə xərclərinin artırılmasının obyektiv tərəfi də var: "Gələn il, çox güman ki, Ermənistanla sərhəddə delimitasiya və demarkasiya işləri başlanacaq, ora da müdafiə kontekstində əlavə xərclər lazım olacaq. Bundan başqa, Xankəndi və ətrafında son əməliyyatdan sonra müəyyən təhlükəsizlik tədbirlərin görülməsinə, yəqin ki, yeni hərbi hissələrin yerləşməsinə ehtiyac yaranacaq".

Buna da bax: Azərbaycanın gömrük siyasəti yerli istehsalçılara necə mane olur?

Sosial müdafiə xərclərinə gəlincə, iqtisadçı xatırladır ki, bu istiqamət üzrə cəmi 5 faiz artım var: "İstiqamətlər hələ dəqiq bilinməsə də, ölkədə artıq belə bir ənənə formalaşıb ki, ilin əvvəlində təqaüdlər və maaşlarda müəyyən artımlar olur. Bu dəfə də 5-10 faiz civarında artım olacaq ki, bu da gözləntiləri qarşılamır, çünki bizdə ərzaq inflyasiya rəsmi 14 faizdir. Maaş və pensiyalarda artım 5-10 faiz olacaqsa, bu o deməkdir ki, insanların nominal gəlirləri artsa da, real gəlirləri, əksinə, azalacaq, çünki inflyasiya bu artımı yeyib bitirəcək".

N.Cəfərli

"Dayanıqlı iqtisadi modeli qura bilmirlər"

İqtisadçının sözlərinə görə, büdcəyə Neft Fondundan transfertlərin artması sanki bir etirafdır ki, Azərbaycanda dayanıqlı iqtisadi modeli qura bilmirlər: "Azərbaycanın qeyri-neft gəlirləri artsaydı, Neft Fondundan bu qədər böyük transfertlərə ehtiyac qalmazdı. Ümumilikdə götürəndə neft sənayesindən gələn vergiləri də nəzərə alsaq, gələn ilin büdcəsinin az qala 60-65 faizi bu sektorun payına düşəcək. Neft sektoruna xidmət edən sahələri da götürsək, bu rəqəm az qala 70 faizə çatacaq. Bu, çox böyük bir asılılıqdır və bir daha sübut edir ki, indiki idarəetmə modeli ilə bu asılılıqdan qurtulmaq mümkün deyil".